Bakıda Kapital Bazarı üzrə Təlim Mərkəzi açılmışdır
Bakı, 13 mart (AZƏRTAC, Samirə Quliyeva). Martın 13-də Bakıda Kapital Bazarı üzrə Təlim Mərkəzinin açılış mərasimi olmuşdur. Mərkəz “2011-2020-ci illərdə qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində yaradılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbiri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı açaraq, təlim mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, ölkədə kapital bazarları üzrə ixtisaslaşmış bu təlim mərkəzi qiymətli kağızlar bazarının səmərəli fəaliyyəti, maliyyə vasitəçilərinin, potensial emitentlərin və investorların bazar haqqında biliklərinin artırılması, ümumilikdə kapital bazarlarında yüksək peşəkarlığın və məlumatlılığın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. R.Aslanlı təlim mərkəzinin açılışının Azərbaycan Hökumətinin, Dünya Bankı və İsveçrə İqtisadi Əməkdaşlıq Katibliyinin (SECO) maliyyə dəstəyi ilə həyata keçirilən “Kapital bazarlarının müasirləşdirilməsi” layihəsinin komponentlərindən biri olan kapital bazarı üzrə ictimaiyyət arasında savadlılığın artırılması istiqamətində atılan addımlardan biri kimi qiymətləndirdiyini bildirmişdir.
Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Lesçenko, SECO-nun regional direktor müavini Matthias Feldmann və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev çıxışlarında ölkəmizin qiymətli kağızlar bazarında aktivliyin artırılmasında və yerli kapital bazarının xarici təcrübədən yararlanaraq beynəlxalq standartlara uyğunlaşdırılmasında təlim mərkəzinin yüksək potensialını vurğulamışlar.
Təlim mərkəzinin direktoru Cəmilə Məmmədova təmsil etdiyi qurumun ümumi fəaliyyəti, tədris strategiyası, təlim proqramlarının xarici təcrübə əsasında hazırlanması və yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırılması, dərs zamanı praktiki məşğələlərin tətbiqi, habelə beynəlxalq inteqrasiya istiqamətində inkişaf planlarından danışmışdır.
“Paşa Bank” və “Çelsi Kapital”ın nümayəndələri ölkəmizdə kapital bazarı üzrə ixtisaslaşmış təlim mərkəzinə yüksək tələbat olduğunu demişlər.
Sonra təlim mərkəzi haqqında videoçarx nümayiş olunmuşdur.
Tədbir çərçivəsində Kapital Bazarı üzrə Təlim Mərkəzi ilə “İnvest AZ” MMC arasında anlaşma memorandumu imzalanmışdır. Memorandum təlim mərkəzinin proqramlarının maksimum dərəcədə müasir, özəl sektorun tələblərinə uyğun şəkildə təşkilinə imkan yaradır.