BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 23-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatlarını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən bostan və tərəvəz məhsulları çıxarılmışdır.
Nəsimi rayonunda yerləşən “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Salyan, Hacıqabul, Gədəbəy və digər rayonlardan gətirilmiş kənd təsərrüfatı məhsulları satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirdi ki, bazar günü burada əhaliyə 19,7 ton məhsul, o cümlədən 3, 2 ton ət, 0,3 ton süd, 8 ton tərəvəz, 1 ton bostan məhsulu, 3 ton meyvə, 4 ton kartof, 8 min ədəd yumurta, 5 min dəstə göyərti, 0,2 ton bal satılmışdır. Yarmarkada qiymətlər bazardakından 20-30 faiz aşağı olmuşdur.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada üzüm, alma, kök, bibər, soğan badımcan, armud və digər kənd təsərrüfatı məhsulları satılırdı. Ağsu və Qazax rayonlarından gətirilmiş, qiymətləri bazardakından ucuz olan həmin
məhsulları şəhər sakinləri həvəslə alırdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Sabir Əhədov bildirmişdir ki, yarmarkaya 27 tonadək meyvə-tərəvəz və ət məhsulları çıxarılmışdır.
7-ci mikrorayonda Texniki Peşə Məktəbinin yaxınlığında təşkil olunmuş yarmarkada Ağstafa, Bərdə və Goranboy rayonlarının fermerləri əhaliyə ucuz qiymətlərə müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları satırdılar.
Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkaya Tərtər, Neftçala, Qobustan, Oğuz, Salyan, Xaçmaz, İmişli, Astara fermerləri satışa 33,1 ton ət, balıq, ağartı, konserv məhsulları, tərəvəz, meyvə, kartof çıxarmışdılar. Bu məhsulların böyük əksəriyyəti - 22 tonu Xaçmaz fermerlərinin payına düşür. Yarmarkada Hövsan broyler fabrikinin nümayəndələri alıcılara 25 min ədəddən çox yumurta təklif edirdilər.