BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
![]() |
![]() |
Nəsimi rayonunda yerləşən “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan gətirilmiş kənd təsərrufatı məhsulları təklif olunurdu. Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, paytaxt sakinlərinə 26 ton məhsul, o cümlədən 4,5 ton ət, 10 ton tərəvəz, 8 ton meyvə, 3 ton kartof, 0,5 ton süd məhsulları, 12 min ədəd yumurta təklif olunur. Bu məhsullar bazar qiymətlərindən 20-30 faiz ucuzdur.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Balakən, Samux, Daşkəsən, Cəlilabad, Salyan və Biləsuvar rayonlarının fermerləri satışa 47 tondan çox məhsul çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov dedi ki, yarmarkalarda satılan məhsulların qiymətləri bazardakından 20-25 faizə qədər ucuzdur. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə cəlilabadlı fermerlər satışa 6 tondan çox məhsul çıxarmışdılar. Kənd Təsərrüfatı Nazirliyinin təmsilçisi Səfəralı Nəsirovun sözlərinə görə, qiymətlər bazardakından 25 faiz ucuz olan bu yarmarkada heyvanlar baytar nəzarəti altında kəsilir və əhaliyə təklif olunur. Alıcılar - müəllimə Zemfira Hüseynova, təqaüdçülər Gövhər Muradova, Tatyana Əbilova, Hacı Babayev və başqaları heyvanların alıcıların gözü qarşısında kəsilməsini yüksək qiymətləndirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində paytaxt sakinləri bazardakından xeyli ucuz olan məhsulları həvəslə alırdılar. Onlar yarmarkanın davamlı təşkilinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirir, keyfiyyətli və ucuz məhsul gətirmiş fermerlərə təşəkkür edirdilər. Yarmarkada şəhər əhalisinə Şəmkir, Salyan, Quba, Kürdəmir, Biləsuvar, Qəbələ, Ağcabədi, Qax və Şəki rayonlarından gətirilmiş meyvə-tərəvəz və digər məhsullar təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Atəş Nuriyev bildirdi ki, bu gün satışa 204 ton məhsul çıxarılmışdır.
Binəqədi rayonu ərazisində 6 nömrəli Bakı Texniki Peşə liseyinin qarşısındakı yarmarkada əhaliyə Bərdə, Goranboy və Ağstafa rayonlarından gətirilmiş üzüm, bibər, kartof, kələm, kök, xiyar, süd və digər məhsullar təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Sabir Əhədov bildirdi ki, yarmarkaya 30 tonadək meyvə-tərəvəz və heyvandarlıq məhsulları gətirilmişdir. Nahar fasiləsinədək onun 60 faizə qədəri satılmışdır.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya qazaxlı fermerlər 15, ağsulu fermerlər isə 11 ton müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Burada şəhər sakinləri qiymətləri bazardakından 20-30 faiz ucuz olan məhsulları həvəslə alırdılar.
Kənd təsərrüfatı nazirliyinin nümayəndəsi Fərhad Eminovun sözlərinə görə, Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada Xaçmaz, İmişli, Tovuz, Astara, Salyan, Neftçala, Oğuz və Qobustan fermerləri satışa 107,1 ton kənd təsərrüfatı məhsulları çıxarmışdılar.
Paytaxtda satış-yarmarkalar bazar günü də davam etdiriləcəkdir.

