BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 1-də Bakı şəhərinin 7 rayonunda əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan gətirilmiş məhsullar təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, burada satışa 20,3 ton məhsul, o cümlədən 3 ton ət, 0,3 ton ağartı, 6 ton tərəvəz, 4 ton kartof, 7 ton meyvə, 15 min ədəd yumurta çıxarılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkaya Qobustan, Balakən, Samux, Daşkəsən, Cəlilabad, Salyan və Biləsuvar rayonlarının fermerləri 54 tondan çox məhsul gətirmişdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov dedi ki, yarmarkalarda satılan məhsulların qiymətləri bazardakından 20-25 faizə qədər ucuzdur. Satışda meyvə tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları vardır. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə əhaliyə 5 tondan çox məhsul təklif olunurdu.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində paytaxt sakinləri bazardakından xeyli ucuz olan məhsulları həvəslə alırdılar. Onlar yarmarkanın davamlı təşkilinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirir, keyfiyyətli və ucuz məhsul gətirmiş fermerlərə təşəkkür edirdilər. Yarmarkada satışa Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Şəki rayonlarından gətirilmiş alma, nar, kartof, soğan, kələm, qoz, bal və heyvandarlıq məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rafiq Nəcəfov bildirdi ki, bu gün alıcılara ümumilikdə, 219 ton məhsul təklif olunur. Bakılıların kənd təsərrüfatı məhsulları ilə təmin edilməsində, hər dəfə olduğu kimi, yenə də şəmkirlilər fərqlənirlər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya çıxarılan kələm, kartof, soğan, kök, çuğundur, alma, nar və digər kənd təsərrüfatı məhsulları bazardakından 20-30 faiz ucuz qiymətlərə satılırdı. Şəhər sakinləri burada bazarlıq etməyin onlar üçün daha əlverişli olduğunu bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirdi ki, yarmarkaya Qazax rayonundan 16, Ağsu rayonundan isə 9 ton meyvə-tərəvəz və heyvandarlıq məhsulları gətirilmişdir.
Binəqədi rayonundakı 6 nömrəli Bakı Texniki Peşə liseyinin qarşısında təşkil olunmuş yarmarkada Goranboy, Bərdə və Ağstafa rayonlarının fermerləri satışa 25 tondan artıq müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Burada kələmin və heyvandarlıq məhsullarının alıcıları çoxluq təşkil edirdilər.
Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkaya Xaçmaz, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan fermerləri 84 tondan çox meyvə-tərəvəz və ət-süd məhsulları gətirmişdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov bildirdi ki, alıcılara Buzovna, Mərdəkan, İmişli broyler fabriklərindən gətirilmiş 1,2 ton toyuq əti və 20 min ədəd yumurta da təklif olunur.