BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 18-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
Bazar günü A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada məhsulların bolluğu və çeşidin müxtəlifliyi diqqəti cəlb edirdi. Salyan, Dəvəçi, Qusar, Astara, Quba və digər rayonların fermerlərinin satışa çıxardıqları məhsulların qiymətləri münasib idi. Soğan, kartofun kiloqramı 30-40, naringi 70-80, alma 40-50, istixanada yetişdirilmiş təzə xiyar 80 qəpiyə, pomidor 1 manat 30-1 manat 50 qəpiyə, diri baliq 4-5 manata, balqabaq 20 qəpiyə və s. satılırdı.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad fermerləri şənbə və bazar günləri alıcılara 50 tona yaxın məhsul təklif etmişlər. Məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsulları, göyərti, habelə istixana şəraitində yetişdirilmiş pomidor, xiyar və s. çoxluq təşkil etmişdir. Bəzi məhsulların qiyməti bazarlarla müqayisədə 40-50 faiz asağı olmuşdur.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində meyvə-tərəvəzin və süd məhsullarının qiymətləri xeyli ucuz olduğundan qələbəlik idi, şəhər sakinləri burada həvəslə bazarlıq edirdilər. İşçi qrupunun qərargahından verilən məlumata görə, Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri şənbə və bazar günləri burada 69 ton tərəvəz, 107 ton meyvə, 36 ton kartof və digər məhsullar satmışlar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Qazax və Ağsu fermerlərinin gətirdiyi və ucuz qiymətlərə təklif etdiyi məhsullar həvəslə alınırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, iki gün ərzində burada 21 tonadək meyvə-tərəvəz, süd və bostan məhsulları satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Ağstafa və Bərdədən gəlmiş fermerlər də alıcılara münasib qiymətlərə kök, alma, qoz, kələm, soğan, kartof və digər məhsullar təklif etmişlər.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada şənbə-bazar günləri Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarının fermerləri satışa 35,7 ton kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, iki gün ərzində Xaçmaz fermerləri 17 ton, tərtərlilər 13,6 ton, imişlilər 3 ton məhsul satmışlar.
######
![]() |
![]() |

