BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 24 yanvar (AZƏRTAC). Yanvarın 24-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
İşçi qrupundan verilən məlumata görə, A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkaya Quba, Qusar, Salyan, Dəvəçi, Astara və digər rayonlardan 71,6 ton məhsul gətirmişlər. Satışa çıxarılan bütün məhsullarin keyfiyyəti ciddi surətdə yoxlanılır, xüsusilə ət məhsulları baytar müayinəsindən keçirilir.
Sahibkarlar paytaxt sakinlərinə bazardakından xeyli ucuz qiymətə ət və süd məhsulları, kartof-soğan, sitrus meyvələri, alma, nar, heyva, toyuq əti, yumurta, kələm, balqabaq, göyərti və s. təklif edirdilər. Balığın bir kiloqramı bazar qiymətlərindən xeyli ucuz - 4-5 manata satılırdı.
Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada da ucuzluq idi. Ağdaş, Salyan, Sabirabad, Masallı, Quba və digər rayonların fermerləri satışa 14 tondan çox kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Bundan əlavə Giləzidən 7200 ədəd yumurta gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev demişdir ki, yarmarkaya əhalinin daha çox tələbat duyduğu məhsulların gətirilməsinə çalışmışıq. Burada satılan məhsulların qiyməti bazardakından 25-30 faiz aşağıdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonların fermerləri alıcılara 247,9 ton kənd təsərrüfatı məhsulları təklif edirdilər. Meyvə-tərəvəzin və süd məhsullarınin qiyməti münasib, keyfiyyəti yüksək idi. Yarmarkada alma, kartof, narıngi çoxluq təşkil edirdi. Almanın kiloqramı 30, narıngi 80 qəpiyə satılırdı.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Ağsu və Qazax rayonlarından gətirilmiş, bazardakından 20-30 faiz ucuzolan kartof, kələm, nar, qoz, alma, digər məhsullar satılırdı. Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Abdullayevin verdiyi məlumata görə, bu gün rayonun fermerləri satışa 19,6 ton kənd təsərrüfatı məhsulları çıxarmışlar.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Ağstafa, Bərdə fermerləri təzə və ucuz qiymətlərə meyvə-tərəvəz, heyvandarlıq məhsulları təklif edirdilər.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarından 37,9 ton kənd təsərrüfatı məhsulları gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Xaçmaz fermerləri satışa 18 ton, tərtərlilər 13,8 ton, imişlilər 3 ton, astaralılar 2 ton məhsul çıxarmışlar.
######
