BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 10 aprel (AZƏRTAC). Aprelin 10-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 19 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Şəhər sakinləri fermer Həsən Məmmədovun Gədəbəydən gətirdiyi və 12 manata təklif etdiyi balı həvəslə alırdılar. H.Məmmədov son illər burada 500 kiloqramdan çox bal satmışdır. O, yaradılmış şəraitə, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev məlumat verdi ki, Salyan, Quba, Qusar, Astara, Dəvəçi rayonlarının fermerləri və şəxsi təsərrüfat sahibləri satışa 82,3 ton məhsul çıxarmışlar. Alıcılara təklif olunan məhsullar arasında mövsümi göyərti daha çoxdur. Bundan əlavə, sitrus meyvələri, xiyar, pomidor, kələm, yerkökü, kartof, soğan, habelə ağartı da boldur. Məhsullar bazarlardakından 30-40 faiz, bəziləri isə yarıbayarı ucuzdur.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada sakinlərə Ağdaş, Salyan Masallı, Sabirabad, Quba, Biləsuvar və digər rayonlardan gətirilmiş 8 tondan çox kənd təsərrüfatı məhsulu təklif olunurdu. Satışa, həmçinin quşçuluq fabriklərindən 2500 ədəddən çox yumurta da çıxarılmışdı.
Gədəbəydən gətirdiyi kartofun kiloqramını 50-60 qəpiyə təklif edən Fazil Məmmədov bildirdi ki, qısa vaxt ərzində burada sakinlərə 9 tondan çox məhsul satmışdır. Yaradılmış şəraitdən razılıqla danışan fermer bildirdi ki, pay torpağında yetişdirdiyi təzə məhsulu da burada satmaq fikrindədir.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada Şəmkir, Ağcabədi, Quba, Qax, Biləsuvar, Kürdəmir və digər rayonların fermerləri satışa 180 ton kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Bu məhsullar sakinlərə ucuz qiymətlərə təklif olunurdu.
Suraxanıda “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkalarda satışa Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən və Cəlilabad rayonlarından gətirilmiş 37 ton məhsul çıxarılmışdı. Məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdi. Kartof, soğan, yerkökü, kələm, ət, süd, alma, armud, qoz, fındıq, şabalıd, qurudulmuş xurma, sitrus meyvələri - naringi, kivi, portağal, göyərti, xiyar, pomidor, badımcan, bibər və digər məhsullar bazarlarla müqayisədə 20-25 faiz ucuz satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi M. Rüstəmovun sözlərinə görə, yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsi, 284 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağsu və Qazax fermerləri alıcılara 12 tonadək ucuz qiymətlərə kələm, kartof, alma, nar, kök və digər çeşiddə meyvə-tərəvəz, süd məhsulları təklif edirdilər. Şəhər sakinləri həmin məhsulları həvəslə alırdılar.
Binəqədi rayonundakı 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısında təşkil olunmuş yarmarkada Goranboy, Ağstafa və Bərdə fermerləri də ucuz qiymətlərə meyvə-tərəvəzlər, bostan məhsulları satırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tovuz, Daşkəsən, Astara, İmişli, Neftçala, Oğuz, Beyləqan rayonlarından 17,5 ton məhsul gətirilmişdi. Giləzi broyler fabrikinin nümayəndələri isə satışa 20 min ədəd yumurta çıxarmışdılar.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######
