BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 12 aprel (AZƏRTAC). Aprelin 11-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada şənbə və bazar günləri Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 20 tona yaxın müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları satılmışdır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada kənd təsərrüfatı məhsullarının bolluğu və çeşidin müxtəlifliyi, xüsusilə meyvə-tərəvəzin çoxluğu ilk baxışdan diqqəti cəlb edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirdi ki, yarmarkaya Salyan, Şabran, Astara, Quba və Qusar rayonları fermerlərinin və şəxsi təsərrüfat sahiblərinin bir gün əvvəl gətirdikləri 82,3 ton məhsulun təqribən 70 faizi satılıb qurtarmışdır. Yarmarkada bütün məhsullar bazarlardakından 30-40 faiz, bəziləri isə yarıbayarı ucuz təklif olunurdu.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada şənbə və bazar günləri Şəmkir, Ağcabədi, Quba, Qax, Biləsuvar, Kürdəmir və digər rayonların fermerləri satışa 180 ton kənd təsərrüfatı məhsulları çıxarmışlar. Bu məhsullar sakinlərə ucuz qiymətlərə təklif olunmuşdur.
Suraxanıda “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkalarda iki gün ərzində alıcılara Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən və Cəlilabad rayonlarından gətirilmiş 40 ton məhsul təklif olunmuşdur. Məhsullar bazarlarla müqayisədə 20-25 faiz ucuz satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi M.Rüstəmovun sözlərinə görə, yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Biləcəri qəsəbəsi, 284 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Qazax və Ağsu fermerləri şənbə-bazar günləri sakinlərə bazardakından 20-30 faiz ucuz qiymətlərə 12 tona yaxın kartof, çuğundur, alma, kələm, nar və digər meyvə-tərəvəz satmışlar.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Ağstafa, Bərdə və Goranboydan gətirilmiş meyvə-tərəvəz satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada şənbə-bazar günləri satışa Xaçmaz, Tovuz, Daşkəsən, Astara, İmişli, Neftçala, Oğuz, Beyləqan rayonlarından gətirilmiş 17,5 ton məhsul çıxarılmışdır. Giləzi broyler fabrikinin nümayəndələri isə 20 min ədəd yumurta satmışlar.
Yarmarkada qiymətlər bazardakından 30-40 faiz aşağı olmuşdur.