BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 17 aprel (AZƏRTAC). Aprelin 17-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş məhsullar təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirdi ki, satışa 11 tondan çox məhsul, o cümlədən 2 ton ət, 0,4 ton ağartı, 3,5 ton tərəvəz, 3 ton kartof, 2,5 ton meyvə, 2,5 min ədəd yumurta çıxarılmışdır. Qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, quş əti 2 manat 80 - 3 manat 20 qəpiyə, soğan 60, kartof, kələm və bibər 30-50 qəpiyə, yumurtanın biri 8 qəpiyə satılır.
Yarmarkada hər həftə iştirak edən gədəbəyli fermer Arzu Tanrıquliyev bu dəfə 2 tondan çox bal, kartof, soğan, kələm və çuğundur gətirmişdir.O, məhsulları ucuz qiymətə satdığını və yaradılan şəraitdən razılığını bildirdi.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətindəki yarmarkada qələbəlik, məhsulların bolluğu diqqəti cəlb edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin verdiyi məlumata görə, Salyan, Quba, Şabran, Qusar, Astara rayonlarının fermerləri və şəxsi təsərrüfat sahibləri alıcılara 79,6 ton məhsul təklif edirlər. Bu dəfə də salyanlılar paytaxta daha çox məhsul gətirmişlər. Bütün məhsullar bazarlardakından 30-40 faiz, bəziləri isə yarıbayarı ucuz təklif olunur.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağdaş, Salyan, Masallı, Sabirabad, Quba, Biləsuvar və digər rayonların fermerləri satışa 7 tondan çox kənd təsərrüfatı məhsulu çıxarmışdılar. Sakinlərə quşçuluq fabriklərindən gətirilmiş 3 min ədəddən çox yumurta da təklif olunurdu.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada sakinlər satışa çıxarılan məhsulların bolluğundan razılıq edirdilər. Ağcabədi, Şəmkir, Quba, Kürdəmir, Qax və Biləsuvar fermerləri burada 187 ton meyvə-tərəvəz, ət və digər məhsullar satırdılar.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar və Balakən rayonlarından gətirilmiş 35 ton 300 kiloqram məhsul təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun sözlərinə görə, həm burada, həm də Cəlilabaddan gətirilmiş məhsulların satıldığı digər yarmarkada-“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində tərəvəz və bostan məhsulları üstünlük təşkil edir. Məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdir. Kartof, soğan, yerkökü, kələm, ət, süd, alma, armud, qoz, fındıq, şabalıd, qurudulmuş xurma, sitrus meyvələri - naringi, kivi, portağal eləcə də istixana şəraitində yetişdirilmiş göyərti, xiyar, pomidor, badımcan, bibər və digər məhsullar bazarlarla müqayisədə 20-25 faiz ucuzdur. Satıcılar və fermerlər də yarmarkaların təşkilindən razıdırlar. Hər iki yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsi, 284 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Qazax və Ağsu fermerləri satışa 13 tonadək meyvə-tərəvəz və bostan məhsulları çıxarmışdılar.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Ağstafa, Bərdə və Goranboydan gətirilmiş kartof, kələm, alma, çuğundur və digər məhsullar satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tovuz, Daşkəsən, Astara, İmişli, Neftçala, Oğuz, Beyləqan rayonlarından 17,5 ton məhsul gətirilmişdir. Giləzi broyler fabrikinin nümayəndələri isə satışa 20 min ədəd yumurta çıxarmışlar.
Yarmarkada İmişli və Astara rayonlarından gətirilmiş ağartı və tərəvəzin alıcıları daha çox idi. Çünki bu məhsullar həm keyfiyyətli idi, həm də bazardakından yarıbayarı ucuz təklif olunurdu.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######
