BAKIDA MDB ÖLKƏLƏRİ HÖKUMƏTLƏRARASI YOL İŞÇİLƏRİ VƏ AVTOMOBİL NƏQLİYYATI ŞURALARININ BİRGƏ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 25-də Bakıda MDB Ölkələri Hökumətlərarası Yol İşçiləri və Avtomobil Nəqliyyatı şuralarının birgə iclası keçirilmişdir. Bu iclas şuraların birgə keçirdiyi ilk tədbirdir.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Sonra qonaqlar Şəhidlər xiyabanına gedərək, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsini yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşlər.
Nəqliyyat Nazirliyində keçirilmiş iclasda Hökumətlərarası Yol İşçiləri Şurasının (HYİŞ) sədri, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanov demişdir ki, toplantının keçirilməsinin əsas məqsədi nəqliyyat sektorunun inkişafı üzrə fəaliyyətin və beynəlxalq nəqliyyat dəhlizləri şəbəkəsinin genişləndirilməsidir. Gündəliyə qurumlar arasında əməkdaşlıq haqqında sazişin imzalanmasının da daxil edildiyini söyləyən natiq sənədin nəqliyyat sektorunda problemlərin birgə aradan qaldırılmasına kömək edəcəyini vurğulamışdır.
Tədbirdə Azərbaycan nəqliyyat naziri Ziya Məmmədov respublikanın nəqliyyat-yol kompleksinə, o cümlədən avtomobil yollarının bərpası və yol infrastrukturunun müasir səviyyədə yenidən qurulmasına dövlətimizin göstərdiyi diqqət və qayğıdan danışmışdır. Nazir bu sahəyə artıq iki milyard ABŞ dolları sərf olunduğunu, yaxın beş ildə isə daha beş milyard dolların ayrılacağını diqqətə çatdırmışdır.
MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibinin müavini Yevgeni Novojilov və Avtomobil Nəqliyyatı Şurasının sədri, Belarusun nəqliyyat və kommunikasiya nazirinin müavini Nikolay Verxovets tədbirin Bakıda keçirilməsi ilə bağlı Azərbaycan hökumətinə təşəkkürlərini bildirmiş, HYİŞ-in 15 illik fəaliyyətinin əhəmiyyətindən danışmışlar.
Azərbaycanda nəqliyyat sisteminin inkişafına həsr olunmuş film göstərilmişdir.
İclasda yol təsərrüfatına dair qanunvericiliyin uyğunlaşdırılması problemlərinin həllinə yönəldilmiş normativ sənədlər üzərində iş davam etdirilmiş, MDB beynəlxalq avtomobil yolları və qonşu dövlətlərlə sərhəddə onların inkişafı haqqında protokolun yerinə yetirilməsinin nəticələri nəzərdən keçirilmişdir. Tədbirdə birlik ölkələrinin yol sahələrinin inkişafı məsələləri, o cümlədən MDB ölkələrinin nəqliyyat sahəsində əməkdaşlığının vacib istiqamətləri, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf perspektivləri və s. məsələlər də müzakirə olunmuşdur.
Mərasimdə HYİŞ-in rəhbərləri, MDB yol idarələrinin nümayəndələri, avtomobil nəqliyyatı şurasının üzvləri, MDB icraiyyə komitəsinin, Beynəlxalq Nəqliyyat Akademiyasının, avtomobil nəqliyyatı və yol təsərrüfatı işçiləri müstəqil həmkarlar ittifaqı beynəlxalq birliyinin, nəqliyyat nazirliklərinin, beynəlxalq təşkilatların nümayəndələri, yol sahəsində alim və mütəxəssislər, nəqliyyat ittifaqları və assosiasiyalarının 120-dən çox təmsilçisi iştirak etmişdir.
Tədbir iyunun 26-da “Beynəlxalq nəqliyyat dəhlizləri” mövzusunda elmi praktik konfransla başa çatacaqdır.
