Bakıda QİÇS-lə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir
Bakı, 27 noyabr (AZƏRTAC). 1 Dekabr - QİÇS-lə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı, “İrəli” İctimai Birliyi (İB) tibb klubunun dəstəyi ilə noyabrın 22-dən etibarən “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” kampaniyasına başlanılmışdır.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, kampaniya çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyasında keçirilən ilk tədbirdə tələbələrə QİÇS haqqında ümumi məlumat verilmiş və onlara maarifləndirici bukletlər paylanılmışdır. Daha sonra insanın immunçatışmazlığı virusu (İİV) ilə bağlı müayinə aksiyası təşkil edilmiş və aksiyada 300 nəfərə yaxın tələbə testdən keçmişdir.
Kampaniyanın ikinci günü “28 Mall” ticarət mərkəzində 450 nəfərə yaxın insan müayinəyə cəlb edilmişdir.
Sonrakı günlərdə aksiyalar Bakı Beynəlxalq Avtovağzal Kompleksində, Odlar Yurdu Universitetində və Azərbaycan Dillər Universitetində keçirilmişdir.
Kampaniya noyabrın 29-dək davam edəcəkdir.