BAKIDA QİƏT-İN HÜQUQİ VƏ SİYASİ MƏSƏLƏLƏR KOMİTƏSİNİN 24-CÜ İCLASI KEÇİRİLİR
Nümayəndə heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyuldu, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra qonaqlar Bakının mənzərəsini seyr etdilər, xatirə şəkli çəkdirdilər.
X X X
Nümayəndə heyətinin üzvləri ümummilli liderimiz Heydər Əliyevin Milli Məclisin binasında qoyulmuş büstünü ziyarət edərək, görkəmli siyasi xadimin əziz xatirəsini ehtiramla andılar, abidə önünə tər qərənfillər qoydular.
Qonaqlar abidə önündə xatirə şəkli çəkdirdilər, parlament binasındakı muzeylə tanış oldular.
X X X
Sonra Milli Məclisin binasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının hüquqi və siyasi məsələlər komitəsinin 24-cü iclası öz işinə başladı.
İclası komitənin sədri, təşkilatdakı Bolqarıstan nümayəndə heyətinin başçısı Borislav Palçev açdı. Qonaqpərvərliyə və yaradılmış şəraitə görə Azərbaycan dövlətinə və parlamentinə minnətdarlıq edən B.Palçev bildirdi ki, iclasın gündəliyinə daxil edilmiş əsas məsələlərdən biri Qara dəniz hövzəsində sabitliyə və təhlükəsizliyə nail olunmaqda, regionun iqtisadi inkişafında parlamentlərin rolu barədədir. Dünyada və regionda baş verən hadisələr QİƏT PA-nın da diqqətindən kənar qalmamışdır. Komitə bu və digər məsələləri müzakirə etməli, Baş Assambleyaya məruzə hazırlamalı və təşkilati məsələyə baxmalıdır.
Sonra Azərbaycan Respublikası Milli Məclisinin sədri Murtuz Ələsgərov çıxış etdi.
Qonaqları səmimi salamlayan Murtuz Ələsgərov dedi ki, komitənin iclasının gündəliyinə daxil edilmiş mövzu göstərir ki, təşkilat dünyada və regionda baş verən hadisələrə biganə deyil, onların həlli istiqamətində fəal iş görmək niyyətindədir. Sülhün və təhlükəsizliyin bərqərar edilməsi məsələləri ölkələrimizin parlament üzvlərinin QİƏT PA çərçivəsində görüşləri zamanı da dəfələrlə müzakirə mövzusu olmuşdur.
Azərbaycan parlamentinin sədri vurğuladı ki, Cənubi Qafqazın dinamik inkişafı üçün hər cür şərait vardır. Müasir beynəlxalq coğrafi-siyasi strukturda görkəmli yer tutan, Avropa qitəsində sülh və təhlükəsizliyin ümumi arxitekturası sistemində vacib həlqə olan Cənubi Qafqaz, eyni zamanda, Avropa və Asiyanı birləşdirən körpüdür və buradan əsas nəqliyyat dəhlizləri keçir. Bu baxımdan qədim İpək Yolunun bərpası böyük əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanda dünyanın iri enerji layihələri həyata keçirilir. Bunların uğurla başa çatdırılması üçün sülh və təhlükəsizlik hər şeydən vacibdir. Lakin təəssüflər olsun ki, çoxsaylı silahlı münaqişələr və ötən əsrin sonlarından artmağa başlayan terror aktları Cənubi Qafqazın tərəqqisi yolunda ciddi maneədir.
Murtuz Ələsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin işğal olunması, zəbt edilmiş ərazilərdə narkotik maddələrin yetişdirilməsi, terror qruplarının hazırlanması, ASALA erməni terror təşkilatının Azərbaycanda və dünyanın bir sıra ölkələrində törətdiyi terror hadisələri, Azərbaycanın terrorla mübarizədəki rolu barədə ətraflı məlumat verdi. Milli Məclisin sədri beynəlxalq təşkilatların, eləcə də QİƏT PA-nın ciddi səyləri və yaxından köməyi nəticəsində münaqişənin sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu bildirdi.
İclasda məlum Beslan hadisələrinə də münasibət bildirildi. Terror qurbanlarının xatirəsi yad olundu. Müzakirələr zamanı terrorizmə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi, bu istiqamətdə birgə addımların atılmasının vacibliyi vurğulandı.
Sonra Baş Assambleyaya tövsiyə xarakterli məruzə qəbul edildi və təşkilati məsələyə baxıldı. Albaniya parlament nümayəndə heyətinin başçısı Makbule Çeço bu ilin noyabrında Türkiyənin Antalya şəhərində keçiriləcək Baş Assambleyada məruzəçi təyin olundu, Borislav Palçev isə yenidən komitənin sədri seçildi.
X X X
Sonda iclas iştirakçıları kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirərək, jurnalistləri maraqlandıran suallara cavab verdilər.