BAKIDA RABİTƏ SƏRGİSİ ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Azərbaycanın rabitə naziri Nadir Əhmədov açılış mərasimində çıxış edərək, bu sərginin respublika əhalisinin telekommunikasiya və kompüter texnologiyaları sahəsində maariflənməsində, əməkdaşlıq əlaqələrinin qurulmasında böyük əhəmiyyəti olduğunu vurğulamışdır. Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev və BMT yanında Beynəlxalq Telekommunikasiya İttifaqının İnkişaf bürosunun direktoru Hamadan Ture öz çıxışlarında Azərbaycanın dünya telekommunikasiya ailəsinə yüksək texnologiyalarla inteqrasiyasına əminliklərini və keçirilən sərginin buna bariz nümunə olduğunu bildirmişlər.
Builki sərgidə iştirak edən beynəlxalq şirkətlərin siyahısı bir qədər genişlənmişdir. Bu amil, telekommunikasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərin ölkəmizdə telekommunikasiyanın inkişafına marağının artması kimi də qiymətləndirilə bilər.
Böyük Britaniyanın İTE Group Plc sərgi şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı olan İteca Caspian Ltd şirkətinin təşkil etdikləri sərgi Azərbaycan Rabitə Nazirliyinin, İnformasiya–Kommunikasiya Texnologiyalarının İnkişafı Milli strategiya proqramının, respublika Ticarət və Sənaye Palatasının və Aztelekom İstehsalat Birliyinin dəstəyi ilə keçirilir. Sərgi ilk dəfə olaraq, Beynəlxalq Telekommunikasiya İttifaqının rəsmi dəstəyini almışdır. İKT sahəsində ən mötəbər təşkilat olan BTİ, respublikamızın Rabitə Nazirlyi də daxil olmaqla, müxtəlif dövlətlərin 189 nazirliyini və 300-ə yaxın iri telekommunikasiya şirkətini birləşdirir. Bunların arasında dünya şöhrətli British Telecom, Vodafone, China Telecom kimi operatorlarla yanaşı, Alcatel, Nokia və Siemens kimi dünya şöhrətli avadanlıq istehsalçıları da vardır.
Sərgi çərçivəsində seminarlar da nəzərdə tutulur ki, burada istehsalçı şirkətlərin layihələri, nailiyyətləri və telekommunikasiya sahəsindəki xidmətləri haqqında faydalı məlumatlar almaq mümkün olacaqdır.
Oktyabrın 3-də sərgi öz işini başa vuracaqdır.