Bakıda “TATE Hatoryu” qrupu yaponların ənənəvi qılınc döyüşü sənətini nümayiş etdirib
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 2-də Yaponiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Yaponiyanın “TATE Hatoryu” qrupu ənənəvi yapon qılınc döyüş səhnələrini nümayiş etdirib, ustad dərsi keçib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qrup üzvləri tərəfindən tələbə və müəllimlərə tate incəsənət növü haqqında məlumat verilib, sonra xüsusi qılınc döyüş səhnələri ilə musiqinin müşayiətində səlis qılınc hərəkətləri ilə çıxışlar nümayiş olunub. “TATE Hatoryu” qrupunun üzvləri tələbələrə alətlərə və rekvizitlərə toxunmaq, onlarla yaxından tanış olmaq şansı yaradaraq, bu incəsənət növünü yaxından tanıdıblar.
Tədbirdə, həmçinin ADMİU-nun tələbələrinin ifasında döyüş səhnəsi nümayiş olunub, Azərbaycan mədəniyyətinin bir parçası yapon qonaqlara təqdim edilib.
Tate ənənəvi yapon qılınc döyüş sənətinin səhnələşdirilmiş incəsənət forması olub, özündə qədim samuray döyüş sənəti, rəqs və Kabuki elementlərini birləşdirən unikal xüsusiyyətlərə malikdir. Burada döyüş və hadisə filmləri, eyni zamanda, səhnə performansları zamanı nümayiş olunan realistik və dinamik səhnələr canlandırılır.
Nyu-York daxil olmaqla, ABŞ-ın müxtəlif ştatları və Yaponiyada çoxsaylı səhnə performansları ilə çıxış edən “TATE Hatoryu” qrupu tate incəsənət növünü təbliğ edir, eyni zamanda, bir çox hadisə və döyüş filmləri üçün döyüş səhnələrinin çəkilişində dəstək göstərir.