BAKIDA “UŞAQLAR CİNAYƏTLƏR PROSESİNDƏ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Sentyabrın 14-də, “Abşeron” mehmanxanasında “Uşaqlar cinayətlər prosesində” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Azərbaycanın Gənc Hüquqşünaslar Birliyi tərəfindən təşkil olunmuş bu tədbirdə Ədliyyə Nazirliyinin, Uşaq Fondunun, kütləvi informasiya vasitələrinin təmsilçiləri, habelə Tartu şəhər prokuroru Raul Xeydodan, Uşaq Fondunun sədri Sirya Qrossmann-Lootdan, DİN-in əməkdaşı Marina Paddardan, Kanal-2 teleşirkətinin əməkdaşlarından ibarət Estoniya nümayəndə heyəti iştirak etmişlər.
Konfransda uşaqların hüquqlarının müdafiəsini gücləndirmək, uşaq əməyinin istismarı probleminin həlli, habelə bu sahədə qanunvericilik aktlarının qəbul edilməsinin zəruriliyi məsələləri müzakirə olunmuşdur.
Estoniya nümayəndə heyəti səfər müddətində Ali Məhkəmədə, Ədliyyə Nazirliyində, Dövlətqaçqınkomda görüşlər keçirmiş, yetkinlik yaşına çatmayanlar üçün islah-əmək müəssisələrində olmuş, Azərbaycan Miniatür Mərkəzində uşaq rəsmləri sərgisinə baxmış, İsmayıllı rayonuna getmişdir. Nümayəndə heyətinin üzvləri İsmayıllı rayonunda, eləcə də ölkəmizin digər bölgələrində baxımsız uşaqların olmadığını eşidəndə təəccüblərini gizlətməmişlər. Kənd orta məktəblərindən birində isə şagirdlərin ingilis dilində sərbəst danışması onlara xoş təsir bağışlamışdır.
Estoniyalı qonaqlar səfər proqramından razı qalaraq bildirmişlər ki, Azərbaycanda unudulmaz günlər keçirmişlər və vətənə ən xoş təəssüratlarla qayıdırlar. Onlar bu cür tədbirlərin gələcəkdə də keçirilməsinin zəruriliyini vurğulamışlar.
Estoniya Uşaq Fondunun sədri Sirya Qrossmann-Loot AZƏRTAC-ın müxbiri ilə söhbətində ölkəmizdə uşaqların hüquqlarının qorunması məsələsinə toxunaraq demişdir ki, Azərbaycanda uşaqlar arasında cinayətkarlığın səviyyəsi Estoniyadakına nisbətən xeyli aşağıdır. Onun fikrincə, respublikamızda ailə möhkəmdir və Estoniya qadınları ilə müqayisədə Azərbaycan qadınları uşaqların tərbiyəsinə daha çox diqqət yetirirlər.