“BAKUBUİLD-2004” 10-CU AZƏRBAYCAN BEYNƏLXALQ İNŞAAT SƏRGİSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Böyük Britaniyanın İTE Group PİC-in sərgi şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı İteca Caspian şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə dünyanın 25 ölkəsindən 150 şirkət təmsil olunacaqdır.
Konfransda respublika Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov, Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti İlkin Ələsgərov, İTE Group PİC-in Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Eduard Stroon və başqaları çıxış edərək tədbir haqqında məlumat vermişlər. Qeyd olunmuşdur ki, sərgidə tikinti materialları və xidmətləri, hamam və hovuzlar, sənaye işıqları, istilik sistemləri, dam örtükləri üçün materiallar, bəzək materialları, elektrotexnika avadanlığı, sanitariya texnikası, aksessuarlar və s. nümayiş etdiriləcəkdir. Budəfəki yubiley sərgisində respublikamızı təmsil edəcək şirkətlərin payı 60 faiz olacaqdır.
Dövlət Tikinti və Arxitektura Komitəsi, Ticarət və Sənaye Palatası, Sərmayələrin Təşviqi və Məsləhət Fondu, Azərbaycan Memarlar İttifaqı, Dizaynerlər İttifaqı, eləcə də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rəsmi dəstək almış sərgidə Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, İran, İtaliya, Gürcüstan, Qazaxıstan, Polşa və digər dövlətlərin tanınmış şirkətləri təmsil olunacaqlar.
Dörd gün davam edəcək sərginin ekspozisiyasının sayı ötən illə müqayisədə 60 faiz çoxdur.