İQTİSADİYYAT
“Bakutel” yeni müəssisələrin təsis olunduğu biznes-platformaya çevrilib
Bakı, 30 oktyabr, AZƏRTAC
İnformasiya texnologiyaları üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib. Uzun illər “Bakutel” sərgisindən öz dəyərli dəstəyini əsirgəməyən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərginin inkişafında və formalaşmasında mühüm rol oynayıb.
Bu barədə AZƏRTAC-a məlumat verən rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmırov qeyd edib ki, bu günədək Azərbaycan, ABŞ, Almaniya, Rusiya, Türkiyə, Fransa, və digər ölkələri təmsil edən 200-dən artıq şirkət bu il keçiriləcək sərgidə iştirak edəcəklərini təsdiqləyiblər. İştirakçıların 40 faizi “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı informasiya-kommunikasiya texnologiyaları (İKT) şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alır. Ənənəvi olaraq, sərgidə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur. Ümumilikdə, sərgidə 15 milli stendin iştirakı gözlənilir və Belarus, Bolqarıstan, Kanada, Macarıstan, İsrail, İran, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Serbiya və Xorvatiyanın iştirakı isə artıq təsdiq edilib.
M.Əmirov bildirib ki, sərgidə “startap” şirkətlərinə iş üçün xüsusi yer ayrılıb. Bundan əlavə, İKT texnologiyaları sahəsi üzrə dövlət layihələri təqdim olunacaq.
Beynəlxalq tədbir çərçivəsində keçiriləcək çoxsaylı görüşlər, forumlar və konfranslarda İKT sahəsi üzrə ən son nailiyyətləri, eləcə də Azərbaycanda İKT sektorunun inkişaf perspektivləri müzakirə olunacaq. Sərgidə işgüzar görüş və danışıqlarla yanaşı, bir sıra sürprizlər, eləcə də müsabiqə və viktorinalar təşkil ediləcək.
Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri çıxış edirlər. Sərginin qeydiyyat üzrə sponsoru isə "Eurodesign" şirkətidir.
Qeyd edək ki, “Bakutel-2015” 21-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı dekabrın 2-dən 5-dək Bakıda keçiriləcək. Regionun ən böyük tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır. BMT, Beynəlxalq Telekommunikasiya İttifaqı və Rabitə sahəsində Regional Birlik kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Dünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı “Bakutel”in beynəlxalq nüfuzunu bir daha təsdiq edir.