REGİONLAR
Balakən məktəbliləri əmək bazarı və peşə seçimi barədə maarifləndiriliblər
Balakən, 15 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib olan “Əmək bazarı və mən” layihəsi çərçivəsində Balakəndə “Özünü kəşf et” adlı təlim keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Layihənin məqsədi ümumtəhsil məktəblərinin şagirdlərinə əmək bazarını təhlil etmək, gələcəyin peşələrini araşdırmaq, ağıllı peşə seçimi etməyin yollarını müəyyənləşdirməkdən ibarətdir.
Balakən Gənclər evində keçirilən təlimdə əvvəlcədən onlayn sorğu vasitəsilə seçilmiş 35 şagird, həmçinin Gənclər evinin əməkdaşları iştirak ediblər.
Layihə rəhbəri Altay Məmmədov tərəfindən keçirilən təlim prosesində şagirdlər özünükəşfin nə olduğunu və vacibliyini, özünütanıma üçün nələri bilməli olduqlarını, dəyərlərini, maraqlarını, istedad və bacarıqlarını sorğulamağı öyrənməklə yanaşı, temperament tipləri barədə də məlumat alıb, öz temperament tipini müəyyən ediblər.