Balakənli gənclər erkən nikahın fəsadları barədə maarifləndiriliblər
Balakən, 5 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Bu gün cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzi prioritet məsələlərdəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Balakən Rayon İcra Hakimiyyəti və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə avqustun 5-də keçirilən “Erkən nikah gələcəyə zərbədir” adlı tədbirdə ətraflı bəhs olunub.
Balakən rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbiri Mərkəzin direktoru Ləman Balayeva açaraq, tədbirin gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, onları erkən və qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar barədə maarifləndirmək məqsədi daşıdığını diqqətə çatdırıb. Bildirilib ki, qadının ləyaqətinin alçaldılması, onun şəxsiyyətinin ikinci plana keçirilməsi, qızlarımızın ata-anaların mülkiyyətinə çevrilməsi mənəviyyatca cahil adamların ortaya çıxardığı təhlükəli meyillərdir. Bu baxımdan, erkən nikahların qarşısını almaq, uşaq hüquqlarını qorumaq, təhsilə dəstək vermək, gələcək anaların və körpələrin sağlamlığına qayğı göstərmək günümüzün ən vacib məsələlərindəndir.
Rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Türkan Əliyeva erkən nikah anlayışı haqqında geniş məlumat verərək bildirib ki, yaşı 18-dən az olan uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması sayılır. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla nikaha məcbur edilə bilməz.
Balakən Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Qəmər Mikayılova vurğulayıb ki, erkən nikahlar gənclər üçün bir travmadır. Həkim və psixoloqlar belə ailələrdə stres və depressiyanın, əsəb pozuntusunun və digər mənfi halların olduğunu istisna etmirlər və erkən evlənmə cəmiyyətə həyatından narazı bədbəxt cütlüklər və psixoloji problemlərlə böyüyən uşaqlar bəxş edir.
Diskussiya şəklində davam edən tədbirin sonunda maarifləndirici videoçarx nümayiş olunub.