Balaxanı Sənaye Parkında 23 rezident fəaliyyət göstərir
Bakı, 15 noyabr, AZƏRTAC
Bu gün dünya tullantılarının emalı günüdür. Həmin gün dünyada 1997-ci ildən qeyd olunmağa başlayıb. Azərbaycanda da bu günə xüsusi önəm verilir. Tullantıların emalı gününün qeyd edilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini ətraf mühitin problemlərinə cəlb etməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Təmiz Şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini Sabit Zeyniyev jurnalistlərə açıqlamasında deyib.
Sədr müavini bildirib ki, bu məqsədlə Azərbaycanda bərk tullantıların emalı sahəsində böyük işlər görülüb. “Təmiz Şəhər” ASC tərəfindən bir sıra layihələr həyata keçirilib. Bunlara bərk məişət tullantılarının çeşidlənməsi zavodunun tikintisi, Balaxanı Sənaye Parkının yaradılması və digər mühüm layihələr aiddir: “Tullantıların emalı ilk növbədə təkrar xammalın əsasındadır. Bu məqsədlə ilkin çeşidləmə aparılmalıdır. Bunun üçün isə əhali tərəfindən evlərdə ilkin çeşidləmə işləri görülməlidir. “Təmiz Şəhər” ASC tərəfindən Bakı şəhərinin Qala qəsəbəsində bu işlər aparılır. Tullantılar üzvi və qeyri-üzvi tullantılara çeşidlənərək bərk məişət tullantılarının çeşidlənməsi zavoduna gətirilir və orada qeyri-üzvi tullantılar yenidən çeşidlənərək, müəyyən yararlı fraksiyalara ayrılır, təkrar emal müəssisələrinə göndərilir”.
S.Zeyniyev qeyd edib ki, təkrar emal müəssisələrinin stimullaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb. 2007-ci ildə açılışı olan Balaxanı Sənaye Parkı 4 rezidentlə 7 hektar sahədə fəaliyyətə başlayıb. Bundan sonra sahibkarların bu sahəyə marağının çox olduğu nəzərə alınaraq, parkın sahəsi genişləndirilib. Hazırda isə Balaxanı Sənaye Parkının ərazisi 10 hektardan çoxdur. Həmçinin parkda 23 rezident 26 istiqamət üzrə fəaliyyət göstərir. Parkda kağız-karton tullantıların emalı, işlənmiş sənaye yağlarının və digər tullantıların emalı ilə bağlı sənaye müəssisələri çalışır.
“Təmiz Şəhər” ASC rəsmisi, həmçinin vurğulayıb ki, bu günədək Balaxanı Sənaye Parkına 44 milyon manatdan çox özəl investisiya qoyulub. Burada fəaliyyət göstərən rezidentlərə bir sıra güzəştlər şamil olunur. Rezidentlər 7 il müddətinə torpaq, mənfəət və əmlak vergisindən, həmçinin 10 il müddətinə idxal olunmuş avadanlıqlar idxal rüsumundan azaddırlar.