BAM-DA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ADINI DAŞIYAN VAĞZAL AÇILACAQDIR
AZƏRTAC xəbər verir ki, iyulun 18-də Baykal Amur Magistralının (BAM) Anqoya stansiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan vağzalın təntənəli açılışı olacaqdır.
Ulu öndər Heydər Əliyev 1982-1989-cu illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrlərdə nəqliyyat sahəsinə, o cümlədən BAM-ın tikintisinə rəhbərlik etmiş və bu nəhəng layihənin gerçəkləşdirilməsinə böyük töhfələr vermişdir.
Baykal-Amur Magistralının Anqoya stansiyasını, ətraf qəsəbəni və yolun bu hissəsini azərbaycanlılar tikmişlər. Həmin dövrün ənənələrinə görə magistralın ayrı-ayrı stansiyalarını və hissələrini müxtəlif respublikaların nümayəndələri inşa edirdilər.
On beş il idi ki, yarımçıq qalmış vağzal binasında son tamamlama işləri aparılır. İndiyədək sərnişinlər burada qatarları yararsız binada gözləməli olurdular. Yeni vağzal binası çox geniş və işıqlıdır. Böyük dairəvi gözləmə salonlarının divarları yapma pannolarla bəzədilmişdir. Burada sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır.
Stansiyanın rəisi Tatyana Aqazetskaya bildirmişdir ki, hələlik bu stansiyadan Tında-Moskva və Tında-Kislovodsk sərnişin qatarları keçir. Taxta-şalban yüklənmiş qatarlar Qərbə və Şərqə doğru hərəkət edir. Filiz yataqlarının daha geniş işlənməsi ilə stansiyanın əhəmiyyəti xeyli artacaqdır. Qəsəbədə çoxlu azərbaycanlı yaşayır. Onların əksəriyyəti hələ sovet dövründə Baykal-Amur Magistralının inşasında iştirak etmək üçün buraya gəlmiş insanlardır. T.Aqazetskaya demişdir ki, hələlik stansiyada 4 yol vardır. Gələn ilədək 5-ci yolun tikintisi nəzərdə tutulmuşdur.