ELM VƏ TƏHSİL
BANM ilə Fransanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir
Bakı, 27 yanvar, AZƏRTAC
Fransanın Azərbaycandakı səfiri Zakari Qros və səfirliyin universitetlərarası əməkdaşlıq və təqaüdlər üzrə attaşesi xanım Klemens Felipo Bakı Ali Neft Məktəbində (BANM) olublar.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor Elmar Qasımov rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib. Rektor Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələrinin gündən-günə inkişaf etdiyini deyib. E.Qasımov, həmçinin qeyd edib ki, 2013-cü ildə BANM Fransa Neft İnstitutu (IFP) ilə anlaşma memorandumu imzalayıb ki, bu da ölkələrimiz arasında inkişaf edən münasibətlərin göstəricisidir.
Rektor BANM-in “Total” şirkəti də daxil olmaqla bir sıra fransız şirkətləri ilə sıx əməkdaşlığından bəhs edib.
Səfir Zakari Qros region üçün böyük əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssislər hazırlayan BANM-in öz ölkəsinin ali təhsil müəssisələri ilə əməkdaşlığından məmnunluğunu ifadə edib. O, təhsil əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Z.Qros bildirib ki, yüksəkkeyfiyyətli təhsil və əcnəbi tələbələrin Fransa universitetlərində təhsil alması nəinki səfirliyin, eyni zamanda, ölkəsinin də prioritet məsələlərindəndir. O, IFP ilə BANM arasında qurulmuş əməkdaşlığı yüksək qiymətləndirib.
Görüşdə gələcək əməkdaşlıq, tələbələrin və professor-müəllim heyətinin mübadiləsi, fransız dilinin tədrisi və elmi tədqiqatlar sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qonaqlar BANM-in kampusu və burada yaradılan şəraitlə tanış olublar.