BANM-in müəllim-tələbə heyətinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə ekskursiyası təşkil olunub
Bakı, 6 avqust, AZƏRTAC
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Bakı Ali Neft Məktəbinin (BANM) müəllim-tələbə heyəti üçün Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə təcrübə-tanıtım səyahəti təşkil edilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə müəllim və tələbələrə müəssisə daxilindəki təhlükəsizlik qaydaları izah olunub, onlar xüsusi geyim dəstləri ilə təmin ediliblər. Sonra filiz emalı sahəsinə ekskursiya təşkil olunub. Müəllim və tələbələrə müəssisədə yaradılan iş şəraiti, qiymətli metalların hasilatı, emalı prosesi, laboratoriyanın iş prinsipi haqqında ətraflı məlumat verilib.
Bu il martın 30-da “AzerGold” QSC və BANM arasında əməkdaşlığa dair razılaşma sənədi imzalanıb. Sənədlərdə qarşılıqlı razılıq əsasında ölkə ərazisində metal filizi yataqlarının mineral xammal bazasının öyrənilməsi, tədqiqi, kəşfiyyatı və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi üzrə ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulur.