BANM İtaliyanın “Maire Tecnimont Group” şirkəti ilə əməkdaşlığı genişləndirir
Bakı, 1 noyabr AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun İtaliyanın “Maire Tecnimont Group” şirkətinin birinci vitse-prezidenti Cianni Bardazzi və törəmə şirkəti - “KT-Kinetics Technology”nin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern ilə görüşü olub.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor E.Qasımov “Maire Tecnimont Group”la uğurlu əməkdaşlıqdan bəhs edib. O vurğulayıb ki, bu əməkdaşlıq nəticəsində BANM-in tələbələri şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirak etmək imkanı qazanıblar. E.Qasımov ali məktəbdə alternativ enerji mənbələri üzrə təlim proqramının hazırlandığını bildirib və şirkətin də bu istiqamətdə dəstək göstərməsini təklif edib.
Cianni Bardazzi BANM-lə əməkdaşlığa əhəmiyyət verdiklərini vurğulayaraq, bu təklifi məmnuniyyətlə qəbul edib və tələbələrə mühazirə keçməyə də hazır olduğunu deyib. Əməkdaşlığın genişlənməsindən danışan C.Bardazzi bildirib ki, BANM ilə uğurlu əməkdaşlıq nəticəsində 12 məzun “Kinetics Technology” şirkətində müxtəlif vəzifələrdə çalışır.
Görüşdə bərpa olunan enerji mənbələrinə keçidin vacibliyi, bu sahədə rəqəmsallaşmanın tətbiqi, “yaşıl kimya”ya transformasiya, yeni texnologiyaların tələbələrə öyrədilməsi müzakirə olunub.
İtaliyanın müvafiq universiteti ilə birgə seminarların keçirilməsi barədə fikir mübadiləsi aparılıb.