Banqkokda Pekin Bəyannaməsinin və Fəaliyyət Platformasının 25 illiyinə həsr olunmuş konfrans keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 27-də Tailandın Banqkok şəhərində Pekin Bəyannaməsinin və Fəaliyyət Platformasının 25 illiyinə həsr olunmuş konfrans keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, komitənin sədr müavini Aynur Sofiyeva konfransda iştirak edib.
Konfrans iştirakçılarını Pekin Bəyannaməsinin və Fəaliyyət Platformasının 25-ci ildönümü münasibətilə təbrik edən A.Sofiyeva bildirib ki, dünya qadınlarının ümumi və spesifik problemlərini müzakirəyə çıxaran Pekin Platformasının bütün dünya qadınlarının hüquqlarının qorunacağını və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştirakına mane olan amillərin aradan qaldırılacağını bəyan etməsi dünyada böyük rəğbətlə qarşılanıb. Azərbaycan da bu əhəmiyyətli sənədin 12 strateji istiqamətinin reallaşmasında yaxından iştirak edib.
A.Sofiyeva qeyd edib ki, bir sıra dövlət proqramları həyata keçirildikdən sonra ölkəmizdə qadınların müxtəlif sahələrdə fəallığının artdığını görürük. 2017-ci ildə Azərbaycan qadınının ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması mühüm uğurlarımızdandır. Qadınların qərarvermə prosesində iştirakçılığı artmaqdadır. Bələdiyyə səviyyəsində qadınların nümayəndəliyi 2014-cü il seçkilərində 4 faizdən (2004-cü il seçkiləri) 35 faizə yüksəldi. Doktorantların 46 faizi və elmi işçilərin 51 faizi qadınlardır.
“Hökumət qadınları qeyri-ənənəvi sahələrdə təhsil və təlim almağa təşviq etmək üçün maarifləndirmə tədbirləri görür. Gənc qızlar üçün İKT, rəqəmsal sahibkarlıq, robotexnika və texnoloji sahələrdə qlobal tendensiyalar mövzusunda təlimlər təşkil olunur”, - deyə o əlavə edib.
Komitənin sədr müavini dövlətin qadın sahibkarlığının inkişafına böyük diqqət göstərdiyini qeyd edərək bildirib ki, bölgələrdə qadınların iqtisadi bacarıqlarının artırılması, onların sahibkarlığa cəlb edilməsini təmin etmək üçün Qadın Resurs mərkəzləri yaradılıb. Bu mərkəzlər kənd qadınlarının iqtisadi və sosial iştirak sahəsindəki ehtiyac və qayğılarını həll etmək səylərini gücləndirir, qadın və qızlara kitabxana resurslarına, internetə, kompüterə, təlimlərə və s. ödənişsiz müraciət etmək imkanı verilir. Bu mərkəzlər vasitəsilə 6000-dən çox kənd qadınını əhatə edən mühüm şəbəkə yaradılıb. Görülən mühüm işlər nəticəsində 2018-ci ildə kiçik və orta sahibkarlıqda qadınların payı 35 faizə yüksəlib. Əvvəllər bu göstərici cəmi 4 faiz idi.
A.Sofiyeva konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində hələ də bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Onların cəmiyyətə yenidən inteqrasiyası üçün çox böyük işlər görülür.