Baş nazir: Azərbaycan ordusunun döyüş qabiliyyəti gündən-günə artır
Bakı, 17 mart, AZƏRTAC
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar təəssüflər olsun ki, ötən il də heç bir nəticə verməyib. Ermənistanın münaqişənin həllində tutduğu mövqe mövcud status-kvonun saxlanılmasına, məsələnin həllinin qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur.
Azərbaycanın Baş naziri Artur Rasizadə bu fikirləri Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti barədə hesabatla çıxış edərkən deyib.
Baş nazir bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq, ordu quruculuğunun daim təkmilləşdirilməsini, onun ən müasir silah-sursatla təmin edilməsini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını gündəlik nəzarətində saxlayır. Son zamanlar hərbçilərimizin işğalçı erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara verdiyi tutarlı cavablar Azərbaycan ordusunun döyüş qabiliyyətinin gündən-günə artdığına əyani sübutdur.
“Düşünürəm ki, hərbi quruculuq və milli ordu ilə bağlı məsələlər bütün dövlət orqanlarının, digər qurumların və cəmiyyətimizin daim diqqət mərkəzində olmalıdır. Sevindirici haldır ki, artıq bu diqqəti və qayğını əks etdirən çoxlu qürurverici nümunələr var. Silahlı Qüvvələrə Yardım Fonduna toplanan könüllü ianələrin ilbəil artması da milli ordumuza göstərilən hərtərəfli ümumxalq dəstəyinin təzahürüdür”, - deyə Baş nazir əlavə edib.