Baş Prokurorluğun inzibati bina kompleksində mediatur təşkil olunub
Bakı, 24 fevral, AZƏRTAC
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Mətbuat xidmətinin birgə təşkilatçılığı ilə medianın və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda treninq keçirilib.
AZƏRTAC xəbər verir ki, medianın bütün növ qruplarının (televiziya, radio, çap mətbuatı, xəbər agentliyi, internet portal) və müxtəlif ictimai birliklərin nümayəndələrinin iştirak etdiyi treninq üzrə Baş Prokurorluğun inzibati bina kompleksində mediatur təşkil olunub.
Media tur çərçivəsində tədbir iştirakçıları Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, kitabxanalar, qabaqcıl texnikalarla təchiz olunmuş kriminalistik və istintaq otaqları ilə, eləcə də mobil kriminalistik laboratoriyalı avtomobillərlə tanış olub.
Prokurorluq orqanları tərəfindən 2022-ci il ərzində görülmüş işlərlə bağlı videoçarx və “Valideynimin peşəsi” adlı qısametrajlı film izləndikdən sonra iştirakçılarla fikir mübadiləsi aparılıb, Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərovun iştirakı ilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.