Basketbol millisinin məşqçisi: Yay İdman Festivalı gənclər üçün çox faydalı təşəbbüsdür
Bakı, 28 avqust, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkil etdiyi Yay İdman Festivalı yüksək səviyyədə keçirilir. Hava küləkli olsa da, tədbirə böyük maraq və axın var.
Bu sözləri AZƏRTAC-a açıqlamasında basketbol üzrə gənclərdən ibarət Azərbaycan millisinin məşqçisi Əli Məmmədov "Sea Breeze" ərazisində keçirilən Yay İdman Festivalı barədə danışarkən deyib.
Məşqçi belə tədbirlərin əhəmiyyətini vurğulayıb: “Gənclər və İdman Nazirliyinin bu təşəbbüsü çox yerində atılmış addımdır. Burada uşaqlar fərqli idman növləri ilə tanış olur, ünsiyyət qururlar. Bu, həm gənclər, həm də məşqçilər üçün çox faydalıdır. Məşqçilər də bir-biri ilə tanış olur, müxtəlif idman növləri haqqında məlumat toplayır və yeni təcrübələr qazanırlar”.
Ümumilikdə ölkədə uşaq basketbolunun inkişafına toxunan Ə.Məmmədov yarışların sayının artdığını bildirib: “Artıq ikinci ildir ki, Azərbaycan Basketbol Liqasının (ABL) altyapı komandaları arasında çempionat təşkil olunur. Hər il uşaqların, komandaların və oyunların sayı artır ki, bu da basketbolun inkişafı üçün çox vacibdir”.
Gənclər millisinin qarşıdakı planlarından danışan mütəxəssis komandanın hədəflərini açıqlayıb: “Yaxın günlərdə Türkiyənin Yalova şəhərində keçiriləcək turnirə yola düşəcəyik. Sonuncu yarışda ikinci yeri tutmuşduq. İnanıram ki, bu dəfə Vətənə çempion olaraq qayıdacağıq”.