BDU-da Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup tələbə mükafatlandırılıb
Bakı, 31 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə dəyirmi masa keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin THİK-nin sədri, dosent Daşqın Qənbərov ümummilli lider Heydər Əliyevin gənclərə, onların təhsilinə daim diqqət və qayğı göstərdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
D.Qəmbərov Azərbaycanda aparılan dövlət gənclər siyasətindən, ölkədə yaradıcı, fəal gənclərin öz potensiallarını inkişaf etdirməsi üçün yaradılan şəraitdən danışaraq Azərbaycan Respublikasının Gənclər Fondunun bu istiqamətdəki fəaliyyətini xüsusi qeyd edib.
Dəyirmi masada tarix fakültəsinin II kurs tələbəsi Əli Babazadə, hüquq fakültəsinin IV kurs tələbəsi Əkbər Əliyev, jurnalistika fakültəsinin III kurs tələbəsi Şəbnəm Qurbansoy çıxış edib, dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs ediblər.
Tədbirdə universitetin ictimai həyatında fəal iştirak etmiş bir qrup tələbəyə BDU THİK-nin fəxri fərmanı və pul mükafatları təqdim olunub.