BDU-da Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin xatirəsi anılıb
Bakı, 21 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin xatirəsinə həsr olunan tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə Adil İbrahimlinin həyat yoldaşı Nargül İbrahimli və tələbələr iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə fakültə dekanı Rövşən Cavadov bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi, Böyük Zəfər qazandıq. Bu Zəfəri xalqımıza yaşadan qəhrəmanlar daim hörmət və sevgi ilə anılır, şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərilir.
R.Cavadov Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin döyüş yolu haqqında tələbələrə məlumat verib. Qeyd edilib ki, Adil İbrahimli bütün döyüş əməliyyatlarında xüsusi şücaət göstərib, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Adil İbrahimli Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. O, “Vətən uğrunda” , “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Tədbirdə qeyd olunub ki, Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin həyat yoldaşı Nargül İbrahimli Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya ixtisası üzrə II kurs tələbəsidir.
Fakültənin IV kurs tələbəsi Səbinə Mirzəməmmədovanın bəstələdiyi “Ağlama, anacan” musiqisi səsləndirilib. II kurs tələbələri Samir Hacıyev və Sevil Nəsirovanın birgə hazırladıqları “Salam, şəhid anası” adlı videoçarx nümayiş etdirilib.
Sonda Sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimovanın şəhid Adil İbrahimli və onun həyat yoldaşı Nargül İbrahimlinin ailə tarixçəsinə həsr edilmiş videoçarxı təqdim olunub.