BDU-da Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Tədbirdə BDU-nun rektoru Elçin Babayev Xocalı faciəsinin XX əsrin sonlarında insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib. Bildirib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirilib, yüzlərlə günahsız insan yalnız milli mənsubiyyətinə görə qətlə yetirilib: “Xocalı soyqırımı nəticəsində 613 nəfər öldürülüb, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olub. Qətlə yetirilənlərin arasında 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca olub. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-nin taleyi məlum deyil. Bu soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı Soyqırımı Günü haqqında qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb”.
Rektor çıxışında Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirdiyini qeyd edib.
“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü dövlət siyasəti nəticəsində xalqımız tarixinin yeni və şərəfli mərhələsinə qədəm qoyub. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub, işğala son qoyulub. Xocalının azad olunmasından sonra dövlətimizin prioritetlərindən biri bu şəhərə qayıdışın təmin edilməsi və yenidən qurulmasıdır. Genişmiqyaslı bərpa-quruculuq işləri Xocalının müasir, təhlükəsiz və davamlı inkişaf edən yaşayış məkanına çevrilməsinə xidmət edir. Bu proses Azərbaycan dövlətinin gücünün, iradəsinin və gələcəyə yönəlmiş strateji baxışının bariz nümunəsidir”.

Milli Məclisin deputatı, Əməkdar jurnalist Sevil Mikayılova xalqımızın tarixi qələbəsinə gələn yolun ağrı-acılı, faciələrlə dolu olduğunu qeyd edib. O vurğulayıb ki, Xocalı faciəsi kimi dəhşətlərin bir daha yaşanmaması üçün möhkəm tarixi yaddaşa, hər cür təhdidə sinə gərə biləcək gəncliyə sahib olmaq lazımdır.
Deputat Tural Gəncəliyev çıxışında Azərbaycanın tarixi ədalətini özünün bərpa etdiyini və dünyaya dərs verdiyini bildirib: “Xocalı soyqırımının qatilləri yerli və beynəlxalq hüquq müstəvisində öz layiq olduqları cəzanı aldılar. Biz bütün dünyaya göstərdik ki, müzəffər, qalib və ədalətli xalqıq”.

BDU-nun İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri Turqay Hüseynov və Tarix fakültəsinin əslən Xocalıdan olan IV kurs tələbəsi Aysel Quliyeva Xocalı soyqırımının qurbanlarının unudulmayacağını, Böyük Qayıdışın başladığı Xocalının günbəgün daha da inkişaf edəcəyini söyləyiblər.
