BDU-da yaz imtahan sessiyası başlayıb
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-dən Bakı Dövlət Universitetində (BDU) 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası başlanıb. Sessiya 5 həftə davam edəcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00 - 13:00 və saat 14:00 - 17:00), magistratura səviyyəsi üzrə saat 14:00-dan 17:00-dək keçiriləcək. Bakalavriat səviyyəsində 690 qrup üzrə 15000-dən çox, magistratura səviyyəsində 203 ixtisaslaşma üzrə 1089 magistrant imtahan verəcək. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün iyul ayının 3-dən 10-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.