BDU-nun bir qrup əməkdaşı şəhid Seyfəddin Dadaşovun ailəsini ziyarət edib
Bakı, 1 noyabr AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) bir qrup əməkdaşı Beyləqan rayonunun Mayak kəndində BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu olmuş şəhid Seyfəddin Dadaşovun ailəsini və məzarını ziyarət edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, ziyarətdə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavinləri İkram Cəbrayılov, Laçın Abışlı və tələbələr iştirak ediblər. Çıxış edənlər Seyfəddin Dadaşovun Vətən uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucaldığını söyləyib, onun əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıblar.
Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildiriblər.
Qeyd edək ki, BDU-nun 2020-ci il məzunu Seyfəddin Dadaşov Vətən müharibəsi zamanı düşmənə qarşı fədakarlıqla vuruşub, oktyabrın 31-də Suqovuşanda şəhid olub.