BDU-nun SABAH qruplarının doktoranturasına qəbul davam edir
Bakı, 26 may, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) 2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə SABAH qruplarına qəbul həyata keçirir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, doktoranturaya sənədlərin qəbulu iyunun 9-dək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək.
SABAH qrupları üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər https://portal.edu.az veb-səhifəsində qeydiyyatdan keçməli və tələb olunan sənədləri portala yükləməlidirlər.
Qəbul qaydaları haqqında ətraflı məlumatı http://md.bsu.edu.az/az linkindən əldə etmək mümkündür.
Qeyd: Qəbul Komissiyası doktoranturaya qəbul olmaq istəyən şəxslərin sənədlərini yoxlayır və ixtisas uyğunluğunu müəyyən edir.
Sənəd qəbulu prosesində doktoranturaya qəbul olmaq istəyən şəxsin nəzərdə tutulan elmi rəhbəri tərəfindən razılıq qərarı yazılı surətdə Qəbul Komissiyasına təqdim edilməlidir. Elmi rəhbərin rəyi olmadan sənəd qəbulu tamamlanmır. Qəbul Komissiyası nəzərdə tutulan elmi rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir.
Qeyd olunanları nəzərə alaraq, doktoranturaya qəbul olmaq istəyən şəxslər tələb olunan sənədləri portala yüklədikdən sonra, sənədlərini kağız şəklində (eləcə də elmi rəhbərin razılıq qərarını) Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Doktorantura şöbəsinə təqdim etmələri xahiş olunur.