BDU TGT-nin üzvləri Qarabağ Universitetində olublar
Bakı, 1 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) fəal üzvləri Qarabağ Universitetində olublar.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Qarabağ Universitetində keçirilən görüşdə hər iki ali təhsil müəssisəsinin Tələbə Gənclər təşkilatlarının qarşılıqlı təcrübə mübadiləsi, tələbə təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi və gələcək birgə layihələr barəsində müzakirələr aparılıb.
Qarabağ Universitetinin TGT sədri İlyas Səfərli tələbələr üçün yaradılan imkanlar haqqında ətraflı məlumat verib. Müxtəlif universitetlərin eyni tələbə təşkilatlarının ortaya qoyacağı birgə fəaliyyətin gənclərin şəbəkələşməsi və uğurlu kommunikasiyası baxımından faydalı ola biləcəyini qeyd edib.
Görüş zamanı tələbə təşkilatlarının fəaliyyəti, həyata keçirilən layihələr, sosial və maarifləndirici təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Həmçinin gələcəkdə birgə tədbirlərin, forumların, təlimlərin və sosial layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. İştirakçılar bildiriblər ki, bu cür qarşılıqlı səfərlər universitetlər arasında əlaqələrin daha da güclənməsinə, tələbələr arasında dostluq münasibətlərinin formalaşmasına və gənclərin şəxsi inkişafına mühüm töhfə verir.
Sonra BDU TGT-nin üzvləri Qarabağ Universitetinin maddi-texniki bazası və təhsil infrastrukturu ilə yaxından tanış olublar.