Belarus-Azərbaycan əməkdaşlığı məsələləri müzakirə edilib
Minsk, 12 yanvar, AZƏRTAC
Yanvarın 11-də Minskdə Belarusun xarici işlər naziri Vladimir Makey Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşüb. AZƏRTAC Belarus XİN-in rəsmi saytına istinadla bildirir ki, görüşdə səfir öz etimadnamələrinin surətlərini təqdim edib.
Görüşdə Belarus ilə Azərbaycan arasında siyasi və iqtisadi qarşılıqlı əlaqələrin bütün spektri müzakirə edilib.
Əməkdaşlığın perspektivli istiqamətləri barədə fikir mübadiləsi aparılıb. O cümlədən, istehsal və elmi-texniki kooperasiya, kənd təsərrüfatı, səhiyyə və idman sahələrində uzunmüddətli müştərək layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Tərəflər razılaşıblar ki, 2016-cı il noyabr ayında Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri müddətində imzalanmış 2025-ci ilə qədər olan dövrdə Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında Sosial-İqtisadi Əməkdaşlıq Proqramının həyata keçirilməsi hər iki ölkənin səfirliklərinin işində prioritet məsələ olacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk