Belarusla tikinti və inşaat materialları sahəsində əməkdaşlıq genişləndirilir
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) nümayəndə heyəti Belarusda səfərdə olub, iki ölkə arasında tikinti və inşaat materialları sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Minskdə memarlıq və tikinti naziri Aleksandr Studnev və Ticarət Palatasının sədri Mixail Myatlikov ilə görüşüb. Müzakirələr zamanı tikinti sektorunun inkişaf perspektivləri, inşaat materiallarının qarşılıqlı tədarükü, birgə layihələrin icrası, eləcə də Belarus məhsullarının Azərbaycan bazarında tətbiqi və investorların ölkəmizin tikinti sektoruna cəlb edilməsi imkanları ətraflı müzakirə olunub.
Nümayəndə heyəti, həmçinin Belarus Tikinti İttifaqında keçirilən görüşdə İttifaqın rəhbəri Anatoli Niçkasov ilə B2B formatında danışıqlar aparıb, Azərbaycanın tikinti sektorunda həyata keçirilən layihələri təqdim edib. Görüşün sonunda ATİA ilə Belarus Tikinti İttifaqı arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Səfər çərçivəsində Belqosproekt İnstitutunda keçirilən görüşdə isə tikinti layihələrinin dövlət ekspertizası və texniki-normativ uyğunluq məsələləri barədə geniş məlumat verilib. Burada Ağdam rayonunun Qızıl Kəngərli kəndinin layihəsi təqdim olunaraq ərazilərin “yaşıl” və “ağıllı” zona kimi inkişaf perspektivləri diqqətə çatdırılıb.
Nümayəndə heyəti Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu və Baş Dövlət Tikinti Ekspertizasında keçirdiyi görüşlərdə isə şəhərsalma, infrastruktur layihələri, texniki nəzarət, sertifikatlaşdırma və peşəkar hazırlıq sahəsində qabaqcıl təcrübə ilə tanış olub.
Belarusun aparıcı tikinti şirkətlərindən olan “A-100 Development” ilə keçirilən görüşdə şirkətin “Novaya Borovaya” yaşayış kompleksi təqdim edilib, qarşılıqlı əməkdaşlıq imkanları dəyərləndirilib. Şirkət nümayəndələri Azərbaycanın Belarusun tikinti layihələrində iştirakında maraqlı olduqlarını bildiriblər. Nümayəndə heyəti, həmçinin şirkətə məxsus “Müasir Beton Konstruksiyaları” zavodunda müasir texnologiyalara əsaslanan istehsal prosesini yerində izləyib.
Səfərdə təmsil olunan “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyev səfərin nəticələri ilə bağlı açıqlamasında bildirib ki, dost ölkədə keçirilən görüşlər çox vacib və əhəmiyyətli olub. “Belarus müasir tikinti sənayesində qabaqcıl texnologiyaların tətbiqi və yenilikçi yanaşma ilə seçilir. Keçirilən görüşlər, əldə olunan razılaşmalar və imzalanan sənədlər göstərir ki, əməkdaşlıq üçün geniş potensial mövcuddur. Xüsusilə innovativ texnologiyaların transferi, birgə layihələrin icrası və investisiya imkanlarının genişləndirilməsi baxımından bu səfərin nəticələri olduqca perspektivlidir”, - deyə o qeyd edib.
Qeyd edək ki, səfər çərçivəsində keçirilən bütün görüşlərdə əsas prioritet kimi tikinti və inşaat materialları sahəsində əlaqələrin möhkəmləndirilməsi, innovasiyaların tətbiqi və Azərbaycan–Belarus əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində qarşılıqlı inam ifadə olunub.