Benefisiarlar üçün ekskursiya təşkil edilib
Bakı, 10 iyul, AZƏRTAC
Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və ünvanlı dövlət sosial yardımı alan ailələrin 8–12 yaşlı övladları üçün Bakı İllüziya Muzeyinə maarifləndirici və əyləncəli ekskursiya təşkil olunub.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, ekskursiyanın məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların yeni bilik və bacarıqlar əldə etməsinə dəstək olmaq, maraqlı və yaddaqalan vaxt keçirmələrini təmin etmək olub.
Muzeydə uşaqlar elmi prinsiplərə əsaslanan əyləncəli optik illüziyalar və interaktiv eksponatlarla tanış olublar. Onlar müxtəlif oyunlar vasitəsilə həm əylənib, həm də optik illüziyaların yaranma prinsipləri, məkan və perspektivin vizual qavrayışa təsiri haqqında maraqlı məlumatlar əldə ediblər.
Ekskursiya çərçivəsində uşaqlar üçün nahar da təşkil olunub.
Layihə DSMF və Bakı İllüziya Muzeyinin əməkdaşlığı ilə reallaşdırılıb.