Bərdədə əmək müqaviləsinin qaydalarına dair seminar keçirilib
Bakı, 8 may, AZƏRTAC
Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan və əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə olmaqla, işçinin əmək və sosial hüquqlarının təminatında əsas hüquqi sənəd rolunu oynayır. Həmin müqavilə olmadan mövcud olan əmək münasibətləri qeyri-rəsmi xarakter daşıyır və işçinin hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olur.
Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusunda Bərdə rayonunda təşkil etdiyi seminarda vurğulanıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, rayondakı ayrı-ayrı iri sahibkarların nümayəndələrinin iştirakı ilə təşkil olunan seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Anar Quliyev, Xidmətin 17 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Akif Baxşəliyev, baş əmək müfəttişi Mahir Balakişiyev və başqaları çıxış edərək mövzu ilə əlaqədar ətraflı məlumatlar veriblər.
Qeyd olunub ki, əmək müqaviləsi sərbəst bağlanır və əmək münasibətləri yaratmayan, yaxud yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bağlanan hər hansı əmək müqaviləsi və ya bu müqavilədə edilmiş dəyişiklik, yaxud əmək müqaviləsinə xitam verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçməlidir. Əks halda həmin müqavilə hüquqi qüvvəyə minmir.
Seminarda əmək müqaviləsinin tərəfləri və məzmunu, forması, müddəti, həmin müqavilənin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası, müddətli əmək müqaviləsi bağlanan hallar və s. barədə əmək qanunvericiliyindən irəli gələn tələblər iştirakçılara izah edilib.
Seminarda əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları barədə də ətraflı məlumat verilərək bildirilib ki, işçi əmək müqaviləsini ləğv etmək istəyərsə, bu barədə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Həmin müddət keçənə qədər olan dövrdə işçi ərizəsini geri götürə və ya həmin ərizənin etibarsız hesab edilməsi barədə yeni ərizə verə bilər. Lakin bu o halda mümkündür ki, işəgötürən həmin vəzifəyə (peşəyə) artıq yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməsin.
Tədbirdə iştirakçılara müvafiq mövzu barədə maarifləndirici çap materialları paylanılıb, onların əmək münasibətlərinin hüquqi tənzimlənməsi ilə bağlı konkret məsələlərə dair sualları ilə əlaqədar izahatlar verilib.