BƏRDƏDƏ QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRLƏ SƏMİMİ GÖRÜŞLƏR OLMUŞDUR
Nümayəndə heyətinin üzvlərini Bərdədə rayon icra hakimiyyətinin başçısı Elman Allahverdiyev səmimi salamlayaraq rayonda məskunlaşmış qaçqın və məcburi köçkünlərin həyat şəraiti barədə məlumat vermişdir. Kamel Morcan bildirmişdir ki, səfərdən məqsəd Azərbaycan hökuməti ilə Ali Komissarlıq arasında gələcək əməkdaşlığın yeni proqramını müzakirə etməkdir. Yeni proqrama əsasən respublikada qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Nümayəndə heyətinin üzvləri Beynəlxalq İslam Nicat təşkilatının Bərdədə saldığı çadır şəhərciklərində məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmüş, onların ağır həyat şəraiti ilə yaxından tanış olmuşlar. Qonaqlar Azərbaycan Prezidenti Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində səmərəli fəaliyyətini yüksək qiymətləndirmiş, əmin olduqlarını bildirmişlər ki, qaçqın və məcburi köçkünlər tezliklə doğma yurdlarına dönəcəklər. Qaçqın və məcburi köçkünlər ölkəmizin Prezidenti Heydər Əliyevin onlara göstərdiyi qayğıdan, beynəlxalq humanitar təşkilatların köməyindən söhbət açmış, nümayəndə heyətinin üzvlərinə minnətdarlıqlarını bildirmişlər. Görüşlərdə qonaqları respublikada fəaliyyət göstərən beynəxalq humanitar təşkilatların nümayəndələri, Nazirlər Kabinetinin məsul işçiləri, Dövlətqaçqınkomun nümayəndələri müşayiət etmişlər. Bu gün qonaqlar Sumqayıta, oradan da Bakıya gələcəklər.