BERLİNDƏ AZƏRBAYCANIN MİLLİ QURTULUŞ GÜNÜ QEYD OLUNMUŞDUR
Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və Azərbaycan Cəmiyyətləri Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatik missiyamızın əməkdaşları, Avropa Azərbaycanlıları Konqresinin, Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin, Berlin Türk Camaatı qurumunun, Atatürk Düşüncə Dərnəyinin üzvləri, Almaniyada yaşayan, işləyən və təhsil alan soydaşlarımız iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Cəmiyyətləri Federasiyasının sədri Nüsrət Dilbəstə tədbir iştirakçılarını salamlamış, Milli qurtuluş günü münasibətilə təbrik etmiş, ulu öndərimiz Heydər Əliyevin ölkəmizin inkişafı sahəsindəki xidmətlərindən danışmışdır.
Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov mərasim iştirakçılarını Milli qurtuluş günü münasibətilə dövlətimiz və xalqımız adından təbrik etmiş, 13 ildə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, hüquqi, demokratik, dünyəvi və milli dövlət quruculuğunda əldə olunmuş uğurları yüksək qiymətləndirmiş, 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin bu uğurların əldə olunmasında xidmətini xüsusilə vurğulamışdır. Qeyd olunmuşdur ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəqilliyini bərpa etmiş Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olunmasında, hüquqi dövlətçiliyin möhkəmləndirilməsində, xalqın milli mənəvi dəyərlərinin qorunmasında, ölkə iqtisadiyyatının dirçəlişində, bu gün dünyada əks-səda yaradan neft strategiyasının gerçəkləşdirilməsində, BTC neft və BTƏ qaz kəmərlərinin inşa edilməsində ulu öndərimizin misilsiz xidmətlərindən danışmışdır.
Səfir müstəqil Azərbaycan dövləti sükanının etibarlı əllərdə olduğunu qeyd etmiş, Heydər Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və çevik siyasətinin ölkəmizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Tədbirdə iştirak edən Azərbaycan və türk qurumlarının gələcək fəaliyyətinə uğurlar arzulayan səfir, diaspor ilə rəhbərlik etdiyi diplomatik missiyanın işgüzar əlaqələrinin daha da genişləndirilməsi üçün əlindən gələni edəcəyini bildirmişdir.
Tədbir iştirakçıları ulu öndərimizə həsr olunmuş kitab sərgisi ilə tanış olmuşlar.