MƏDƏNİYYƏT
BERLİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN NİZAMİ GƏNCƏVİ ADINA MƏDƏNİYYƏT İNSTİTUTU YENİ LAYİHƏLƏR HƏYATA KEÇİRİR
AZƏRTAC xəbər verir ki, Almaniyada yaşayan şair və tədqiqatçı, Berlində fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi iyulun 28-də Azərbaycanda Atatürk Mərkəzində mətbuat konfransı keçirmişdir.
O bildirmişdir ki, 2003-cü ildən rəsmi fəaliyyət göstərən institut beynəlxalq konfranslar təşkil etməklə, mədəniyyət günləri, konsertlər, digər tədbirlər keçirməklə, Azərbaycan mədəniyyətini, incəsənətini, ölkəmiz haqqında həqiqətləri təbliğ edir, eyni zamanda ciddi tərcümə və tədqiqat işləri də aparır.
N.Atəşi demişdir ki, görülmüş işlər sırasında XX əsrin görkəmli yazıçı və publisisti Məhəmməd Əsəd bəyin (Qurban Səid) həyat və yaradıcılığının araşdırılması mühüm yer tutur. O, 20-dən artıq əsərin müəllifidir və bunlar dünyanın bir çox dillərinə tərcümə edilərək müəllifə şöhrət gətirmişdir. Məhəmməd Əsəd bəy haqqında “Um Velt Film Berlin” studiyasının rejissoru və ssenaristi Ralf Marşallek tərəfindən lentə alınan “Aslanın adı ilə” sənədli filminin son çəkilişləri aparılır. Bu ilin sentyabrında Berlində Əsəd bəyin yaşadığı binada xatirə lövhəsinin, habelə onun büstünün açılış mərasimi olacaqdır. Minilliyin Azərbaycan poeziyasından seçmələr - “Pərvanə və şam” adlı antologiya artıq “Mattes and Seiz Berlin” nəşriyyatında çapa hazırlanır və bu ilin oktyabrında beynəlxalq Frankfurt kitab sərgisində nümayiş etdiriləcəkdir.
Nuridə Atəşinin adı Avropada XX əsrin yüz ən çox oxunan ədib siyahısına düşmüş mühacir Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin yaradıcılığından bəhs edən “Yüz ilin sirləri” kitabı çap olunmuşdur. Kitabda Əsəd bəy barədə arxiv sənədləri, yazıçının məktubları, əlyazmaları, xüsusilə onun “Qurban Səid” təxəllüsü ilə yazdığı “Sevgidən bixəbər kişi” romanının əlyazmasının bir hissəsi ilk dəfə nəşr edilmişdir.