Bərpaçı-memar: Yay aylarında dənizdən gələn meh İçərişəhərdə təbii hava dövranı yaradır
Bakı, 8 may, AZƏRTAC
Qədim şəhərsalma ənənələrində “roza vetrov” prinsipi xüsusi həssaslıqla nəzərə alınırdı. Yəni müəyyən ərazidə küləklərin hansı istiqamətlərdən və hansı intensivliklə əsdiyini göstərən sxem və ya diaqramdır. Azərbaycan dilində buna “küləklər qrafiki” və ya “külək istiqamətləri diaqramı” da deyilir. Bu anlayış şəhərsalma və bina layihələndirilməsində çox vacib hesab olunur.
AZƏRTAC xəbər verir ki, bunu bərpaçı-memar Ədalət Məmmədov "Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativlər və məhdudiyyətlər" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, memarlar və urbanistlər binanın yerləşdirilməsi, pəncərələrin istiqaməti, həyətlərin planlanması və havalandırma sistemlərini məhz küləyin davranışına uyğun layihələndirirlər: “İçərişəhər bunun ən uğurlu nümunələrindən biridir. Belə ki, küçələr və keçidlər elə istiqamətdə salınıb ki, yay aylarında dənizdən gələn meh şəhər daxilində təbii hava dövranı yaradır. Xəzərdən gələn duzlu və təmiz hava küçələri daim havalandırır, bu isə tarixən gigiyenik və sanitar baxımdan müsbət mühit formalaşdırıb.
Ədalət Məmmədovun fikrincə, məhz bu memarlıq yanaşması sayəsində İçərişəhərdə ağır epidemioloji problemlər demək olar ki, müşahidə edilməyib. Eyni zamanda, küçələrin dar və xüsusi bucaq altında planlaşdırılması qış aylarında sərt Xəzri küləyinin birbaşa təsirini zəiflədib. Nəticədə, ərazi nə yayda həddindən artıq isti, nə də qışda çox soyuq olur.
Bərpaçı-memar vurğulayıb ki, qədim memarlıqda təbiətlə uyğunlaşma əsas prinsip idi.