Beş ayda Qəbələnin otel və mehmanxanaları 18 mindən çox əcnəbi turistə xidmət göstərib
Qəbələ, 13 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin yanvar-may aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 31 min 641 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 13 min 308 nəfəri və ya 42,1 faizi Azərbaycan, 18 min 333 nəfəri və ya 57,9 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvar-may aylarında Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 min 298 nəfər və ya 20,1 faiz artıb. Beş ayda yerli turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 min 111 nəfər və ya 13,7 faiz azalsa da, əcnəbi turistlərin sayında 7 min 409 nəfər və ya 67,8 faiz artım qeydə alınıb.
Cari ilin yanvar-may aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları əvvəlki aylarda olduğu kimi, yenə də üstünlük təşkil edib. Belə ki, beş ayda bu ölkənin 9 min 949 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, yanvar-may aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 1977, Birləşmiş Ərəb Əmirliklərindən 1654, Küveytdən 635, Pakistandan 628, Rusiyadan 502, Qətərdən 350, İsraildən 265, Omandan 200, Bəhreyndən 140, Türkiyədən 177, ABŞ-dan isə 75 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə digər ölkələrdən də xeyli sayda əcnəbi turist gəlib.