“BƏSİRƏT ÜNVANI”
“Odlar Yurdu” nəşriyyatı Əhməd Vəliyevin “Bəsirət ünvanı” kitabını nəfis şəkildə çapdan buraxmışdır. Kitab Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı, YAP sədrinin birinci müavini, Azərbaycan parlamentinin AŞPA-dakı daimi nümayəndə heyətinin başçısı İlham Əliyevin çoxcəhətli fəaliyyətinə həsr olunmuşdur. Nəşrin redaktoru Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Əli Əlirzayevdir.
Kitab Azərbaycan Prezidenti Heydər Əliyevin və İlham Əliyevin rəngli fotoşəkli, dövlətimizin başçısının bu sözləri ilə açılır: “...İlham Əliyev həm biliyinə, həm ağlına, həm təcrübəsinə, həm də insani keyfiyyətlərinə görə Azərbaycanın siyasi səhnəsində öz yerini tutub”.
Altı fəsildən ibarət kitabın “Tariximizdə izi olan şəxsiyyət” sərlövhəli ilk fəslində müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yarıməsrlik bir dövr ərzindəki fəaliyyətindən, xüsusən son 33 ildə ölkəmizin, xalqımızın tərəqqisi, yüksəlişi naminə gördüyü işlərdən, ötən əsrin əvvəllərində yenidən azadlığına qovuşmuş respublikamızın istiqlaliyyətinin qorunub saxlanması, Azərbaycanın dünya birliyində layiqli yerini tutması, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin olunması sahəsindəki misilsiz xidmətlərindən söhbət açılır.
Müəllif kitabın sonrakı fəsillərində İlham Əliyevin bilavasitə tutduğu vəzifələrlə əlaqədar çoxcəhətli fəaliyyətindən geniş bəhs edərək yazır ki, o, həmişə proseslərin mərkəzində olur, işin həmişə ən ağırını, məsuliyyətlisini öz üzərinə götürür, konkret əməli fəaliyyətə üstünlük verir: “Mənim siyasətim ondan ibarətdir ki, əməli-praktiki işlərlə məşğulam. Azərbaycana xarici investisiyalar cəlb etməklə, yeni iş yerlərinin açılması ilə məşğulam. Mənim aləmimdə siyasət belə olmalıdır. Yəni siyasət hansısa konkret nəticə ilə yekunlaşmalıdır. Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”.
Kitabda belə bir fikir vurğulanır ki, müstəqil Azərbaycan dövlətini, xalqımızı tərəqqiyə qovuşdurmağın alternativsiz yolu Heydər Əliyev yoludur. Prezident Heydər Əliyev isə bu yolun inkişaf etdirilməsi perspektivini belə görür: “Mən seçici olsaydım, İlham Əliyevə səs verərdim”. Bu isə dünya görmüş dahi siyasətçinin heç də təbii valideyn istəyindən, ata-oğul münasibətlərindən doğan fikri deyildir. Müəllif çox düzgün olaraq yazır ki, dövlətimizin başçısı bu sözləri deyərkən bütün Azərbaycan gəncliyinin liderinə səs verməyi nəzərdə tutur. Öhdəsinə götürdüyü bütün işləri uğurla yerinə yetirən, tapşırılmış bütün vəzifələrin öhdəsindən bacarıqla və layiqincə gələn, işgüzar, çevik, istedadlı, vətənsevər, təəssübkeş siyasətçi kimi özünü cəmiyyətdə çoxdan təsdiqləyən perspektivli və intellektual bir liderə səs vermək istədiyini söyləyir. İlham Əliyevin fitri istedadına, diplomatik bacarığına, milli maraqların müdafiəçisi olmaq istəyinə, xalqa bağlılığına səs vermək niyyətini açıqlayır.
Sonrakı fəsillərdə İlham Əliyevin bütün bu keyfiyyətləri geniş və ətraflı təhlilini tapmışdır.
Kitabda çoxlu rəngli fotoşəkillər verilmişdir.