“BEŞMƏRTƏBƏLİ EVİN ALTINCI MƏRTƏBƏSİ” İSTANBUL SƏHNƏLƏRİNDƏ
Xalq yazıçısı, Milli Məclisin deputatı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında yazdığı pyes İstanbul Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilmiş, Cəlal Müsahibzadə teatrının səhnəsində əsərin ilk tamaşası olmuşdur. Türk teatrsevənləri tamaşaya böyük maraq göstərmişlər. 400 nəfərlik salon tamamilə dolduğuna görə, keçidlərə əlavə stullar qoyulmuşdu.
İstanbul şəhər teatrlarının baş müdiri Məhərrəm Ergül əsərin ilk tamşasının bu qədər maraq oyadacağını düşünmədiklərini bildirərək demişdir: “Anar bəyin bu möhtəşəm əsəri teatrlarımızın yeni mövsümünün repertuarındadır. On gündən sonra Türkiyədə teatr mövsümü sona çatır. Biz yeni repertuarımızda yer alacaq əsərləri tamaşaçılarımıza təqdim edirik. Sonra yay ayları ərzində reklam kampaniyası keçiririk. Bu əsərə isə heç bir reklam gərək deyildir. Teatr mövsümünün sonuna qədər hər gün iki tamaşa oynayacağımızı qərarlaşdırmışıq. Yeni mövsümü də bu əsərlə açacağıq. Fürsətdən istifadə edərək, müəllifə dərin təşəkkürümüzü və türk tamaşaçısının böyük heyranlığını çatdırmağınızı xahiş edirik”.
Rejissoru Can Doğanın quruluş verdiyi tamaşada Təhminə rolunu Sevil Akı, Zaur rolunu Çengiz Qangör ifa etmişlər. Tamaşada gənc artistlərlə yanaşı, Türkiyənin tanınmış səhnə ustaları Ayşəgül Devrim, Sevil Uluyol, Suphi Teknikər də oynamışlar.
Baş rolun ifaçısı Sevil Akı teatr səhnəsində ilk dəfə bu qədər fərqli hisslər yaşadığını vurğulayaraq demişdir: “Təhminə insani nöqteyi-nəzərindən o qədər zəngin, dolu, sıravi və eyni zamanda, fövqəladə obrazdır ki, səhnədə ilk dəfə rola görə deyil, səmimi, içimdən gələn göz yaşlarıma boğuldum”. Əsər və aktyorların yüksək ifaçılığı tamaşaçılar tərəfindən də layiqincə qiymətləndirilmişdir. Türk teatrsevərləri ayağa qalxaraq, gurultulu alqışlarla rejissora, ifaçılara və Azərbaycan yazıçısına təşəkkürlərini ifadə etmişlər.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul