BƏSTƏKAR TOFİQ QULİYEVİN XATİRƏ LÖVHƏSİ AÇILMIŞDIR
Əbədiyaşar mahnıların müəllifi olan sevimli bəstəkarımızın doğum günündə onun xatirəsini anmaq üçün respublikanın rəsmi şəxsləri, ictimaiyyətin nümayəndələri, mədəniyyət xadimləri, qohumlar, dostlar, Tofiq Quliyev yaradıcılığının pərəstişkarları mərasimə toplaşmışdılar.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Tofiq Quliyevin Azərbaycan musiqi mədəniyyəti xəzinəsinə verdiyi misilsiz töhfədən danışmışdır. Ustad yaradıcılığı boyu 200-dək mahnı bəstələmişdir, onun misilsiz melodiyaları bir çox populyar filmlərdə səslənir.
Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov, xalq artisti, bəstəkar, professor Arif Məlikov, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Səyavuş Kərimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, xalq artisti Rasim Balayev Tofiq Quliyevin Azərbaycan xalqının fəxr etdiyi əsil xalq bəstəkarı olduğunu vurğulamış, onu çox sadə, səmimi və xeyirxah insan kimi xatırlamışlar.
Bəstəkar həyatdan getməsinə baxmayaraq, mahnıları ilə daim bizim qəlbimizdə yaşayır. Bu sözlərin təsdiqi kimi, bəstəkarın unudulmaz Rəşid Behbudovun, habelə Bakıdakı 12 nömrəli musiqi məktəbi şagirdlərinin ifasında misilsiz nəğmələrinin lent yazısı səslənmişdir.
Bəstəkarın oğlu, xalq artisti, kinorejissor Eldar Quliyev atasının xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə, Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Şəhəri İcra Hakimiyyətinə, mərasimə toplaşanlara ailəsi adından təşəkkürünü bildirmişdir.
Xatirə lövhəsinin müəllifi xalq rəssamı, akademik Ömər Eldarovdur.