Beton bəndlər tikilir, torpaq kanallar beton üzlüyə alınır – Zaqataladan reportaj VİDEO
Zaqatala, 6 avqust, AZƏRTAC
Zaqatala Melioservis İdarəsi Qax, Zaqatala və Balakən rayonlarında torpaq məcralı kanalların lildən təmizlənməsi, kanalların beton üzlüyə alınması və dağ çaylarında beton bəndlərin tikintisini həyata keçirir.
AZƏRTAC xəbər verir ki, idarə tərəfindən Qax rayonu ərazisindən keçən və yaz-payız fəslində sel təhlükəsi yaradan Kürmük çayının sağ sahilində 100 metr uzunluğunda beton bənd əsaslı təmir edilib. Bu isə ətrafda olan əkin sahələrini, yaşayış məntəqələrini yarana biləcək sel təhlükəsindən qoruyur. Bundan başqa, təmir olunan bəndin ətrafında buldozer vasitəsilə məcra təmizləmə işləri də aparılır.
Qax rayonu ərazisində torpaq məcralı Qobala kanalı 500 poqonometr uzunluğunda beton üzlüyə alınıb. Həmin kanal suvarma suyunun itkisiz çatdırılması ilə yanaşı, ərazidə yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyini də təmin edir. Cəlayir kəndində isə 250 poqonometr məsafədə torpaq məcralı kanal beton üzlüyə alınıb, kanalın üzərində olan 1 ədəd sugötürücü qurğu əsaslı təmir olunub.
Hazırda isə Zaqatala rayonunda suvarmada əsas rol oynayan Qobu kanalı beton üzlüyə alınır. Əvvəllər bu kanaldan qidalanan əkin sahələrinə verilən su itkiyə məruz qalırdı. Artıq həmin ərazidə yaşayan su istifadəçilərinin bu problemi həllini tapıb. Kanalın böyük hissəsi beton üzlüklüdür. Qalan hissədə isə üzlüyün çəkilişi işlərinə hazırlıq gedir.
Qeyd edək ki, Qax, Zaqatala və Balakən rayonlarında taxıl biçini artıq başa çatıb. Hazırda tütün, qarğıdalı, bostan-tərəvəz və digər çoxillik bitkilərin suvarılması davam edir.