Bəxtiyar Nəbiyev: Vaksinasiya prosesində hər kəs öz məsuliyyətini dərk etməlidir
Bakı, 19 avqust, AZƏRTAC
SARS-CoV-19-un səbəb olduğu koronavirus infeksiyasına yoluxma halı ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uxan şəhərində qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilən COVID-19 Yer kürəsinin ümumi bəlasına çevrilib. Hər birimizin sağlamlığını təhdid edən bu təhlükəli virusun yayılmasının qarşısını almaq və koronavirusdan xilas olmaq üçün dünyanın əksər ölkələrində çıxış yolları axtarılır. Dünya bir ildən çoxdur ki, bu qlobal xəstəlik ilə mübarizə aparır.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekan müavini, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Nəbiyev söyləyib. O bildirib ki, yoluxucu xəstəliklərdən qorunmanın ən təsirli vasitəsi ona qarşı süni immunitet formalaşdıran peyvəndlərdir. Çünki peyvəndlər xəstəliklərin qarşısının alınmasında və ya onun daha yüngül formada keçirilməsində effektiv rol oynayır. COVID-19 xəstəliyinə qarşı da təhlükəsiz və səmərəli vaksinlərin işlənib-hazırlanması pandemiyaya son qoymaq, yaxınlarımızı və cəmiyyətimizi bu virusdan qorumaq, birlikdə normal həyatımıza qayıtmaq üçün qlobal addımdır. Peyvəndin mahiyyəti infeksiyanın zəifləmiş, qismən və ya sadəcə öldürülmüş bir versiyasını orqanizmə yeritməkdir. Bu, virusa qarşı lazımi müdafiə bacarıqlarını inkişaf etdirir. Beləliklə, peyvənddən sonra orqanizmə təhlükəli mikroorqanizm daxil olduqda immun sistemi ona qarşı hazırlıqlı olur və daha güclü mübarizə aparır.
COVID-19 əleyhinə peyvənd xəstəlik riskini əhəmiyyətli dərəcədə azaldacaq kollektiv immunitetin yaranmasına imkan verir. Əhaliyə koronavirusa qarşı peyvənd olunmanın əhəmiyyəti və ondan imtina etməyin fəsadları, nəticələri barədə fəal şəkildə məlumat vermək lazımdır. Özlərini və ən əsası yaxınlarını və ailə üzvlərini bu infeksiyadan qorumaq üçün peyvəndin vaxtında vurulmasının nə qədər vacib olduğunu insanlara mümkün qədər aktiv şəkildə anlatmaq olduqca vacibdir. Çünki kollektiv immunitet nə qədər tez formalaşsa, adi həyat tərzinə bir o qədər tez qayıdacağıq. Peyvəndin əhəmiyyəti də xəstəliyə qarşı qorunmaq, infeksiyaya qarşı immunitet yaradaraq infeksiyanın yayılmasının qarşısını almaqdır. Ancaq təəssüf ki, əhalinin bir qismində arxayınlığın yaranması, sosial məsafəyə və gündəlik gigiyenik qaydalara riayət olunmaması və s. nəticəsində koronavirusa yoluxanların və ölüm hallarının sayı artır. Məhz buna görə də vaksinasiya prosesində cəmiyyətin iştirakının fəallaşdırılması olduqca vacibdir. Əks halda vəziyyət yenidən ağırlaşa bilər. Vaksinasiya prosesində hər kəs öz məsuliyyətini dərk etməlidir.
“Dövlətimiz tərəfindən əhalinin vaksinasiya olunması, sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlayıb, bu gün də pandemiyaya qarşı mübarizədə əhəmiyyətli tədbirlər həyata keçirir. Xatırladaq ki, ölkəmizdə vətəndaşların COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunmasında mühüm işlər görülüb. Belə ki, lazımi miqdarda müxtəlif vaksinlərin alınaraq ölkəyə gətirilməsi istiqamətində dövlətimiz tərəfindən bütün addımlar atılıb. Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib və bu ilin yanvarından vətəndaşların peyvənd olunmasına başlanılıb. Biz də bütün görülən işlərə biganə qalmamalı, birgə vətəndaş mövqeyimizi nümayiş etdirməli və hər zaman olduğu kimi bu gün də dövlətimizin yanında olmalıyıq. Çünki biz vətəndaşını düşünən, milli təhlükəsizliyinə önəm verən bir dövlətin vətəndaşlarıyıq. Ümidvaram ki, vətəndaş olaraq hər kəs bu sahədə öz məsuliyyətini anlayacaq”, - deyə Bəxtiyar Nəbiyev fikrini yekunlaşdırıb.