Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilmiş tədbir keçirilib
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Ahılların Resurs Mərkəzində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilmiş tədbir keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ombudsman Elmira Süleymanova çıxış edərək UNESCO-nun qərarı ilə 1983-cü ildən etibarən hər il aprelin 18-nin dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunduğunu vurğulayıb. Bildirilib ki, bu günün keçirilməsində məqsəd insanların diqqətini tarixi abidə və yerlərin qorunmasına yönəltməkdən ibarətdir.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülüb. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezidenti İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, təbliği və tədqiqi sahəsində mühüm işlər həyata keçirilir.
Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, o cümlədən milli-mədəni irsimizin qorunub saxlanması, Azərbaycan mədəniyyəti və dünyada müsbət imici üçün gördüyü işlər ölkəmizdə və beynəlxalq aləmdə böyük rəğbətlə qarşılanır. Onun təşəbbüsü ilə Qız qalası, İçərişəhər, Şirvanşahlar Sarayı Kompleksi və Qobustan abidələrinin UNESCO-nun maddi-mədəni irs siyahısına salınması beynəlxalq aləm və ölkə ictimaiyyəti tərəfindən təqdir olunur.
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Vüqar İsayev əlamətdar gün ilə əlaqədar çıxış edərək bildirib ki, Azərbaycanda 6308 tarixi abidə var. Bunların 65-i dünya əhəmiyyətli, 2034-ü ölkə, 4209-u yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsidir. Qeyd edilib ki, hazırda işğal altında olan ərazilərimizdə yerləşən dünya əhəmiyyətli mədəni-tarixi abidələrimiz olan Azıx (Füzuli) və Tağlar (Xocavənd) mağaraları dünyanın ən qədim insan yaşayan məskənlərindəndir. Bu mağaralardan tapılmış maddi mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan Muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilib. Azıx və Tağlar mağaralarının hazırda hərbi məqsədlə istifadə edilərək qəsdən məhv edilməsi, xalqımızın keçmişi və bu gününü əks etdirən mədəniyyət və incəsənət abidələrinin erməni vandalizminin təcavüzünə məruz qalması haqqında məlumat verilib, qeyd olunan faktlarla əlaqədar Azərbaycan dövləti tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyi vurğulanıb.
O, çıxışında aprelin 18-də əhalini maarifləndirmək məqsədilə “açıq qapı” günü elan edildiyini və bu gün bütün muzeylərə, qoruqlara girişin ödənişsiz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə digər çıxış edənlər mövzu ilə əlaqədar fikirlərini bölüşüblər.